Əməkdar artist, aktrisa Almaz Mustafayeva uzun sürən xəstəlikdən sonra vəfat edib. O, bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində üç illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Teatrının aktrisası olub.

Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı «Sehirli xalat», «Yeddi oğul istərəm», «Aktirsanın təbəssümü», «Şir evdən getdi», «Cavanşir» filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.

1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Allah rəhmət eləsin.

 

Mübariz Zəki