Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.
Bilgisel.az xəbər verir ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı bəstəkar ürək tutmasından dünyasını dəyişib.
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. Nailə Mirməmmədli 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini Fərqlənmə Diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurub. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb. 2003-cü ildən bugünə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. İki oğlu, bir qızı var. Allah rəhmət eləsin.
Mübariz Zəki