Banner

Press ESC to close

0

2020-ci il Azərbaycan əhalisinin yadında necə qaldı? – SORĞU

2020-ci il ölkəmiz və dünya üçün əlamətdar hadisələrlə zəngin oldu. COVID-19 pandemiyası və iqtisadi çətinliklər ilə başlayan il 27 ildən sonra Ermənistanın işğalı altındakı torpaqlarımızın azad edilməsi ilə yekunlaşdı. Bununla yanaşı, il ərzində siyasi, iqtisadi və sosial müstəvilərdə bir sıra mühüm hadisələr də qeydə alındı. Fevral ayında keçirilən Milli Məclisə seçkilər, müxtəlif vaxtlarda bir sıra vəzifəli şəxslərin qanunazidd əməllərə görə vəzifədən uzaqlaşdırılması, ölkədəki idarəetmə sahəsindəki islahatlar və COVID-19 pandemiyasının təsirlərinin azaldılması istiqamətində qəbul edilən sosial yardım paketləri bu hadisələrdən sadəcə bir neçəsidir.
Fərdi müstəvidə isə COVID-19 pandemiyası demək olar ki, cəmiyyətin bütün qruplarının həyatına müxtəlif formalarda təsir etdi. İş rejimindəki dəyişiklik və bir sıra sektorlarda iqtisadi fəallığın zəifləməsi, eləcə də, karantin rejiminin insanların sosial münasibətləri üzərindəki məhdudlaşdırıcı təsirləri 2020-ci ilin səciyyəvi xüsusiyyətləri kimi yadda qaldı.

Hər il olduğu kimi, dünyanın bir sıra nüfuzlu rəy mərkəzləri və sorğu şirkətləri lokal və qlobal səviyyələrdə 2020-ci ilin insanlar üçün necə keçdiyini öyrənir. Bu ənənə əsasında Sosial Tədqiqatlar Mərkəzi cari tədqiqatı lokal xüsusiyyətləri nəzərə alaraq 27-29 dekabr tarixlərində əhali arasında sorğu keçirib.

Bu tədqiqatın bir neçə məqsədi var:

– Vətəndaş nəzərində 2020-ci ildə ölkəmiz və respondentlərin özləri üçün ən əlamətdar hadisələri öyrənmək

– Əhalinin müxtəlif cəhətlər üzrə həyat məmnuniyyətini öyrənmək

– Əhalinin COVID-19 virusu əleyhinə vaksinasiyaya münasibətini müəyyən etmək

– Əhalinin 2021-ci il üçün planları və növbəti ildən gözləntilərini müəyyən etmək

– Təhsil alan respondentlərin virtual tədrisin keyfiyyəti və gələcək perspektivləri barədə fikirlərini öyrənmək

Metodoloji prinsiplər
Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.
Sorğuda təsadüfi üsulla seçilmiş 1050 respondent iştirak edib. Seçmənin birinci mərhələsində hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib. Növbəti mərhələdə hər yaşayış məntəqəsindən sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda təsadüfi qaydada stasionar telefon nömrəsi seçilib. Seçilmiş klasterlər üzrə telefon nömrələrinin olduğu baş məcmuda hər üçüncü nömrəyə zəng edilib. İmtina hallarında növbəti üçüncü nömrə ilə əlaqə saxlanılıb.

Tədqiqatın keçirilməsində kəmiyyət metodologiyası çərçivəsində anket sorğusundan istifadə edilib.

Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə birbaşa bazada toplanan məlumatlar SPSS – Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Seçmənin ölçüsü əsasında statistik xəta əmsalı 3.0%, əminlik dərəcəsi 95%-dir.

Nəticələr
• 2020-ci ildə respondentlərin şəxsi həyatlarında ən yaddaqalan hadisələr kimi müharibədəki qalibiyyəti (17%), koronavirusa yoluxmaq (15.7%) və yaxın ailə üzvünün itirilməsi (10%) olub. 9.3% isə cari il ərzində həyatında xüsusi hadisənin olmadığını bildirib.
• 2020-ci ildə respondentlərin nəzərində ölkəmiz üçün ən yaddaqalan hadisələr kimi 44 günlük Vətən Müharibəsi (86%) və COVID-19 pandemiyası (28%) olub ki, bu da anlaşılandır.
• Cari il əhalinin üçdə ikisi üçün  müxtəlif dərəcələrdə (70.2%) uğurlu olduğu halda, yerdə qalan 29.8% üçün uğursuz olub.
• Respondentlərin 67.4%-i 2020-ci il ərzində həyatından bu və ya digər dərəcədə məmnun qalıb.
• Təxminən hər dörd nəfərdən biri 2020-ci il üçün nəzərdə tutduğu planların heç birini həyata keçirə bilməyib. Cəmi 43.5% respondent planlarının ya hamısını, ya da müəyyən bir qismini reallaşdıra bilib.
• Respondentlərin 83%-i sağlamlıq durumundan, 98%-i ailə üzvləri ilə şəxsi münasibətlər və 97%-i ətrafdakı şəxslərlə və dostlarınızla münasibətlərindən müxtəlif dərəcələrdə razıdır.
• 77.2% respondent 2020-ci illə müqayisədə 2021-ci ilin daha yaxşı olacağına inanır.
• Rəyi soruşulanların təxminən 38.8%-i dünyanın pandemiyadan əvvəlki vəziyyətinə ən gec Aprel-İyun aylarına qədər qayıdacağını hesab edir. Lakin əhəmiyyətli sayda respondent (29.4%) bu sualı cavablandırmaqda çətinlik çəkib.
• Əhali növbəti il ərzində tədrisin hansı formada aparılacağına dair iki qütbə bölünüb. Əgər 31% tədrisin tamamilə distant üsulla həyata keçiriləcəyini düşünürsə, 29.2 bunun tam əksini (sinif şəraitində) hesab edir. Nisbətən daha az sayda respondent (20.3%) hər iki üsulun paralel olaraq tətbiq ediləcəyi qənaətindədir.
• Virtual tədrisin keyfiyyətinə dair respondentlər arasında birmənalı fikir yoxdur. Müxtəlif dərəcələrdə məmnun və qeyri-məmnun olanların çəkisi arasında 10% civarında fərq var. Narahatedici məqam bundan ibarətdir ki, təxminən 7% şagird, yaxud tələbə virtual tədrisə qoşula bilmir.
• Sorğuda iştirak edənlərin nisbətən daha çox hissəsi (54%) 2020-ci ildə internetin keyfiyyətindən müxtəlif dərəcələrdə razı qaldığı halda, 36.7% məmnun qalmayıb. Demək olar ki, respondentlərin hər on nəfərindən biri internetdə müntəzəm qaydada istifadə etmir.
• Sorğuda iştirak edənlərin müəyyən bir hissəsi (40.5%) vaksinasiya edəcəyini bildirsə də, nəzərəçarpacaq bir hissəsi (29.5%) əks mövqedən çıxış edib. 30.5% respondent isə bu barədə qərarsızdır. 65 yaşdan yuxarı respondentlərin yarısından çoxu vaksinasiya etdirmək niyyətindədir. Analoji göstərici 46-55 və 56-65 yaş qrupları üçün müvafiq olaraq 44% və 48% təşkil edib. Kişilər arasında vaksinasiya etdirmək istəyi qadınlara nisbətdə daha çox yayılıb.
• Vaksinasiyaya qarşı mənfi münasibətin iki əsas və bir-biri ilə müəyyən qədər əlaqəli səbəbi müəyyən edilib. Belə ki, 50.7% respondent vaksinin əks təsirlərindən qorxduğu və 41.7% respondent isə onun keyfiyyətinə etibar etmədiyi üçün vaksinasiya etməyəcini bildirib.
Pandemiya 2020-ci ildə insanların həyatını əhəmiyyətli dərəcədə dəyişdi. Bu cəhətdən rəyi öyrənilənlər arasında ən çox müşahidə edilən dəyişiklik bununla əlaqəlidir ki, 37.7% evdə əvvəlkinə nisbətən daha çox qala bilir. Pandemiyanın şərtləndirdiyi sosial məsafə prinsipi insanların sosial həyatına ciddi təsir etdiyindən, 25.6% üçün 2020-ci ildəki əsas fərqlərdən biri qonaq getmək və qarşılamağla bağlı olub. Təxminən hər dörd nəfərdən biri (26.9%) əvvəlkinə nisbətən şəxsi gigiyenasına daha çox diqqət etməyə başladığını bildirib.

Sorğuda iştirak edənlərin cins, yaş və digər sosial-demoqrafik qruplar üzrə mütənasiblik qorunub.