Bu gün azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Xalqımızın tarixi keçmişinə həqiqi qiymət vermək imkanı yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra əldə edilib. Uzun illər əsl həqiqətləri gizlədilən, təhrif edilən hadisələrə qiymət artıq verilib.
Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakıda və ətraf ərazilərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə daşnak silahlı dəstələrinin törətdiyi qətliamlar Mart hadisələrinin əsasını təşkil edir. 1919-20-ci illərin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətində milli matəm günü kimi qeyd edilib.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə yalnız müstəqillik əldə edildikdən sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı tarixi “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.
Bu sahədə aparılmış araşdırmalar nəticəsində yeni faktlar və sənədlər toplanılıb. Qubada torpaq işləri görülərkən 2007-ci il aprelin 1-də kütləvi məzarlıq tapılıb. 1918-ci ilin aprel-may aylarında təkcə bu ərazilərdə 167 kənd tamamilə məhv edilib. 2009-cu ildə Qubada kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsi planı təsdiq edilərək, kütləvi məzarlığın yerləşdiyi sahədə xatirə kompleksi ucaldılıb. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı olub. Bu məzarlıqda azərbaycanlılarla yanaşı, ləzgi, tat, yəhudi və digər etnik qrupların nümayəndələri xüsusi amansızlıqla öldürülərək basdırılıb.
74 il sonra tarix təkrarlanıb və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırım aktı insanlığa qarşı qanlı cinayətlərin davamı olub, şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qalıb.
Lakin heç nə cavabsız qalmır. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 il davam edən işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş, uzun illər hüquqi və siyasi qiyməti verilməmiş Mart soyqırımı tariximizin ən acı səhifələrindəndir.
Soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq.