Bu gün Azərbaycanın bütövlüyü uğrunda canından keçən general-mayor Polad Həşimovun doğum günüdür.
Bilgisel.az Həşimovun şərəfli həyat yolunu sizə təqdim edir.
Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub, daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alan Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına Şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib. Polad Həşimovun 2 oğul, 1 qız yadigar var. Allah rəhmət eləsin!
Mübariz Zəki