Nəcməddin Sadıkov Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə Nazirinin birinci müavini, general-polkovnikdir.
General-polkovnik Sadıkov Nəcməddin Hüseyn oğlu 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlib.
Nəcməddin Sadıkov 1 fevral 1992-ci ldə Azərbaycan Ordusunun sıralarına daxil olub. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
Nəcməddin Sadıkov Azərbaycan hərbi məktəbinin yetirməsidir. O, 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini “Qızıl” medalla bitirib.
General-Polkonvikin hərbi karyerası
Daha sonra, Azərbaycanın da daxil olduğu SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib.
1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib.
1991-ci ildə Sovet İttifaqı Marşalı B.M.Şapoşnikov adına “Vıstrel” (“Atəş”) Ali Zabit Hazırlığı kursunu bitirib.
1 fevral 1992-ci ldə – Qarabağ müharibəsinin qızğın cağında Vətənin müdafiəsi üçün Azərbaycan Ordusuna gəlib və 703 saylı briqadanın komandiri təyin edilib. Erməni işğalçıları və onların havadarları ilə qızğın döyüşlər nəticəsində Ağdərəni və Goranboyun bir hissəsini azad edən də məhz 703 saylı briqada olub.
1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2018-ci ildə “Rəşadət” ordeni alıb. 2011-ci ildə isə ona Dağıstanın Milli Qəhrəmanı fəxri adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.
Müdafiə Nazirliyi Sadıkov haqqında deyilənləri təkzib edir
Son zamanlar Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi məlumatlar yayılıb. Onun qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması və s. bu kimi məlumatlar isə sosial şəbəkələrdə geniş müzakirə olunur.
Hətta, Azərbaycan – Ermənistan sərhədində baş ver son döyüşlər nəticəsində Azərbaycan ordusunun generalının, polkovnikinin şəhid olmasında, düşmən tərəfə hərbi məlumatların ötürülməsində və s. Nəcməddin Sadıkovun əli olması barədə də ittihamlar yayılıb.
Sosial şəbəkələrdə Nəcməddin Sadıkov haqqında yayılan müxtəlif xəbərlərdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu haqda məlumat yayaraq, Sadıkov haqqında yazılanların yalan olduğunu bildirib. Məlumatda deyilir:
“Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.
Bildiririk ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.
Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.
Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq”.
Aydın Nuri