Milli Məclisin 5 avqust tarixində keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.
Dəyişikliklə 2020-ci il dövlət büdcəsinin gəlirləri azaldılaraq 24 milyard 124 milyon manat, xərcləri artırılaraq 27 milyard 492 milyon 200 min manat məbləğində olacaq.
Dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun büdcəyə transferi və büdcənin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.
Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.

Bəs bu dəyişikliklər hansı zərurətdən doğur? Dəyişikliklər vətəndaşların həyatına necə təsir göstərəcək?

Bilgisel.az bu suallarla bağlı iqtisadçı ekspertlərin yanaşmalarını öyrənib.

Pandemiyanın təsirləri

İqtisadçı ekspert Azər Mehdiyev

Azər Mehdiyev

İqtisadçı ekspert Azər Mehdiyev qeyd edir ki, 2020-ci ilin dövlət büdcəsində dəyişiklik pandemiyanın təsirləri ilə bağlıdır: “Bilirik ki, bir tərəfdən neft bazarında baş verən təlatümlər, sonra isə pandemiya səbəbi ilə bu bazarda baş verən proseslər nəticəsində ölkənin neft gəlirlərində azalma baş vermişdi. Lakin sonradan neft bazarında qiymətlərin tənzimlənməsi tədricən neft gəlirlərində sabitləşmə yaratdı. Ancaq pandemiya müddətinin, karantin tədbirlərinin uzanması ilkin dövrdə yalnız iki ay üçün nəzərdə tutulmuş yardımlar çərçivəsində büdcədə dəyişiklikləri zəruri etməsə də, karantinin uzanması əlavə dəstək tədbirlərinin görülməsinə zərurət yaratdı. Söhbət həm pandemiyadan zərər çəkmiş biznes qurumlarına dəstək, yardımdan, həm də pendemiyanın təsirləri nəticəsində əhalinin müxtəlif təbəqələrinə dəyən zərərlərin azaldılmasının konpensasiya edilməsindən gedir”.
Ekspert bildirir ki, karantin müddətinin uzanması əlavə olaraq dövlət büdcəsindən vəsaitin ayrılmasını zəruri etdi: “Karantin müddətinin uzanması ilə həm dövlət büdcəsinin qeyri-neft sektoruna daxilolmalarının azalması real görünür, həm də dövlət büdcəsindən əlavə vəsait ayrılmasına zərurət yaranır. Ona görə, də dövlət büdcəsində dəyişiklik olunur”.
İqtisadçı qeyd edir ki, səhiyyə və sosial müdafiəyə ayrılan xərclər artırılır: “Əvvəl səhiyyəyə 250 milyon manat ayrılmışdısa, indi bu məbləğ 369 milyon manata qaldırılıb. Sosial müdafiə və sosial təminatlara maliyyə dəstəklərinin davam etdirilməsi üçün əlavə olaraq 238 milyon manat ayrılması nəzərdə tutulur. Pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyi üçün 136.6 milyon manat ayrılıb”.
Ekspert vurğulayır ki, bütünlükdə büdcəyə dəyişikliyin məqsədi pandemiyanın yaratdığı təsirləri aradan qaldırmaq üçündür və bu indiki vəziyyət üçün gözlənilən hal idi.

“Dəyişikliklər daha əvvəl edilməliydi”

İqtisadçı ekspert Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı ekşpert Natiq Cəfərli bildirir ki, bu dəyişikliklərin əsas mahiyyəti həm icmal büdcə ilə həm də dövlət büdcəsi ilə bağlıdır. Əsas məsələ isə pandemiya və karantin rejminin vurduğu ziyan və bu ziyanın dərinliklərinin ölçülməsi və buna uyğun adekvat addımların atılması ilə bağlıdır. İqtisadçı qeyd edir ki, hökumət bu addımların atılmasında gecikib: “Aprel ayında biz təklif etdik ki, büdcəyə yenidən baxılıb iki paralel paket qəbul olunmalıdır. Həm pandemiyanın vurduğu zərəri birbaşa aradan qaldırmaq üçün (yəni vətəndaşlara və biznesə yardım), həm də paralel olaraq biznesin çarxlarının yenidən dönməsi üçün. Postpandemiya dövrü üçün ayrıca bir dəstək paketi – biznes üçün əsasən də kiçik və orta sahibkarlıq üçün dəstək paketinin hazırlanmasına aprel ayında başlanmalı idi. Büdcəyə dəyişikliklər də maksimum may ayında həyata keçirilməli idi. Qabaqlayıcı tədbirlərin alınması mümkün olmadı”.
Ekspert bildirir ki, büdcə xərcləri artırılır, büdcənin gəlir hissəsində azalmalar olacaq: “Amma bu azalma o qədər də çox deyil, əsasən xərc hissəsi artırılır. Bu xərc hissəsi də yenidən Neft Fondunun hesabına artırılır. Bu il ilk dəfə olaraq Neft Fondu qazandığından iki dəfədən də çox xərcləməyə məcbur olacaq. Müstəqillikdən və Neft Fondunun yaradılmasından bu yana ilk dəfə belə vəziyyət yaranıb”.

Hansı xərclər, necə dəyişir?

İqtisadçı vurğulayır ki, bu dəyişikliklərin böyük bir qismi səhiyyə xidməti ilə bağlıdır: “Bu, yeni xəstəxanaların tikintisi, yeni avadanlıqların alınması və tibbi personala maaşdan əlavə ödənişlərin olunması ilə əlaqədardır”.
Ekspert sahibkarlıq üçün ayrılmış məbləği qənaətbəxş saymır: “Təəssüf ki, sahibkarlıq üçün kiçik bir məbləğ 100 milyon manat nəzərdə tutulub. Bu, kiçik və orta sahibkarlığın problemlərinin həll olunması üçün mənə elə gəlir ki, yetərli deyil”.
İqtisadçı təhsil xərclərinin azaldılmasını doğru saymır:
“Təhsil xərcləri 121 milyon manat azaldılıb. Düşünürük ki, təhsildə xərclərin azaldılmasının əksinə həmin vəsait yerində qalmalı və təhsil sahəsində başqa istiqamət üzrə işlədilməlidir. Məsələn, 2020 və 2021-ci illərdə pullu təhsil alan tələbələrin ödənişlərinin yarısının ödənməsinə xərclənə bilər. Yerdə qalan vəsait isə həm tələbələr üçün, universitet labaratoriyaları üçün elmi araşdırmalara qrantlar şəklində ayrıla bilər”.
Ekspertin proqnozuna görə, iqtisadiyyatın çarxlarının yenidən döndürülməsi üçün gələcəkdə yeni tədbirlərə, əlavə vəsaitlərə ehtiyac duyulacaq.

“Yeni tələbatlar ortaya çıxıb”

Tahir Mirkişili

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə iclasda dəyişikliklərin zərurətini belə izah edib: “Koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Cari ilin mart ayından başlayaraq korronavirusun yayılmasınln qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır”.

Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb.

Aytəkin Cəlali