Bu gün, dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
1995-ci ildə isə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Dahi bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.
Üzeyir Hacıbəyovun sənətkarlığının qiymətləndirilməsi təkcə onun doğum gününün musiqi günü kimi qeyd olunması ilə bitmir. Bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edən “Üzeyir ömrü” filmi sənətkarın Azərbaycan xalqı üçün necə qiymətli olduğunu bir daha sübut edir. Filmdə tamaşaçılar dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən “Leyli və Məcnun”u, “Arşın Mal Alan”ı və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapmışdır.
Bu filmdə SSRİ Dövlət Film fondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur. Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar film boyu tamaşaçıların könlünü oxşayır.
Filmdə “Küləklər şəhəri”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Doğma xalqıma”, “Bəstəkar Müslüm Maqomayev” filmlərindəki kadrlardan istifadə olunub.
SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilən film iki seriyalıdır.
Mübariz ZƏKİ