“İşğal olunmuş torpaqların azadlığı uğrunda şəhid olanlara görə həm üzüntümü, həm qürurumu bölüşürəm. Ay-ulduzlu ordu zəfərə doğru irəliləyir. Biz Türkiyədən bunu qürurla izləyirik”.
Bu fikirləri məşhur türkiyəli strateq Kaan Sarıaydın “ARB24”ün efirində səsləndirib.
O, şəhid analarına səbir diləyərək bildirib: “Unutmasınlar ki, Qarabağ azad edildikdən sonra torpaqlarından didərgin düşən yaşlılar geri qayıdanda, Azərbaycan bayrağı orada dalğalananada, məktəblər yenidən açılanda, orada uşaqların səsi yenidən gələndə, fabriklər yenidən işləyəndə, şəhid ailələri bu torpaqlarda gəzəndə, övladlarının cənnət qoxusu ətrafa yayılanda “yaxşı ki dünyaya gətirmişəm səni, oğlum” deyəcəklər. İnanın mələklər belə qısqanacaq bu anı”.
Siyasi şərhçi Azərbaycan ordusuna dəstəyini də ifadə edib:
“Biz illərdir bu anı gözləyirdik. Dünya dəyişir, yeni bloklara ayrılır. Bu hadisələr qaçılmaz bir şəkildə olacaqdı və indi hər şey çox gözəl vaxtla irəliləyir. Cəbhədəki qardaşlarımı həsrətlə salamlayıram. Ancaq deyirəm ki, bu iş bir az uzandı. “Ermənistanın işi üç gündə bitər” demişdim. Uzadırsınız, aslan parçaları. Bir an öncə bitirin. Allah yardımcınız olsun. Zənn etməyin ki, yalnızsınız, sadəcə Azərbaycan xalqı sizə dua edir, gözləyir. Dünyanın hər yerindəki soydaşlarımız da sizin yolunuzu gözləyir, yaşlılarımız sizlərə dua edir. Sizlər orada irəliləyirsiz, bizlər burada qürurlanırıq!”
Kaan Sarıaydın Sosial Tədqiqatlar Mərkəzinə də Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində roluna görə təşəkkür edib.