Bilgisel.az’ın bugünkü müsahibi həvəskar fotoqraf Elvin Hacızadədir.
1979-cu il 7 noyabr tarixində Siyəzən şəhərində anadan olan müsahibim uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub. O, bir çox Respublika turnirlərində medalçı olub, paralel olaraq musiqi ilə həvəskar şəkildə məşğul olub. “7-17” Televiziya Musiqi yarışmasında iştirakçı olan müsahibim həm də, qarmon və pianoda da ifa etməyi bacarır. Bununla yanaşı, o, həvəskar fotoqraf kimi fəaliyyət göstərir.
– Elvin bəy, fotoqrafiya sənəti ilə nə vaxtdan bəri məşğulsunuz?
– Bu sənətlə bir ildir ki, məşğul oluram.
– Fotoqrafiyadan öncə hansı sahələrdə çalışmısınız?
– Siyəzən rayonunda icra başçısının köməkçisi və Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmışam. Hal-hazırda “Socar” şirkətində Qaz İxrac İdarəsində Nəzarət ölçü cihazları üzrə mühəndis vəzifəsində çalışıram.
– İlk çəkdiyiniz foto nə ilə bağlı olub?
– İlk dəfə təbiət mənzərələri çəkmişəm: dəniz, dağ və s.
– Fotoqrafiyanın ən çox hansı növündə çəkilişlər edirsiniz?
– Sərbəst şəkildə küçə fotoqrafiyası ilə məşğulam.
– Gün ərzində işinizə nə qədər vaxt sərf edirsiniz?
– Harda olmağımdan asılı olmayaraq, kamera hər zaman yanımda olur. Boş vaxt tapan kimi maraqlı kadr olarsa, dərhal çəkirəm.
– Çəkdiyiniz fotonun yaxşı olub-olmadığını necə müəyyən edirsiniz?
– Fotonu əsasən hisslərimlə qiymətləndirirəm.
– Sizdən fotoqrafiyanın sirrlərini öyrənmək istəyən tələbələr olub?
– Mən həvəskar çəkilişlər edirəm. Ölkəmizdə tələbə hazırlayan peşəkar fotoqraflar çoxdur. Mən özüm də onlardan nələrsə öyrənirəm və zamanım olarsa, bu sahədə təhsil almağı düşünürəm.
– Hansı fotoqrafların işlərini bəyənirsiniz?
– İstər ölkə daxilində, istərsə də ölkə xaricində fəaliyyət göstərən bir çox fotoqrafların işlərini bəyənirəm.
– Çəkilişlər zamanı hansı yadda qalan anlar olub?
– Maraqlı hadisələr çox olur. Bir dəfə bəy idmançının övladı ilə fotosunu çəkirdim. Çəkiliş edərkən sosial şəbəkədə bir birimizi izləmək üçün öz telefonumu ona verdim ki, adını tapıb dostluq göndərsin. Bu zaman onun fotosunu çəkdim və məhz o şəkili səhifəmdə paylaşdım. Gecə saatlarında gördüm mesaj gəlib ki, həyat yoldaşımla problem yaşayıram. Niyəsini soruşdum. Dedi ki, xanımı əlindəki telefonun onun gizli telefonu olduğunu düşünür (gülür). Mən məsələni izah edəndən sonra hər şey yoluna düşdü.
– Son olaraq, bu sahəyə marağı olanlara nə demək istərdiniz?
– Hər bir kəsə incəsənətin bütün növlərinə maraq göstərib məşğul olmalarını tövsiyə edərdim.