“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nəzdində yaradılan “Mənim Dünyam” mərkəzi “Vətənə qayıdış” layihəsinin finalını həyata keçirib. Layihə “Beynəlxalq Azərbaycan Xanımları Klubu” və “Azərbaycan Gənclik Platforması”nın əməkdaşlığı ilə baş tutub.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfəki görüşün əsas məqsədi gənclərimizi 44 günlük Vətən müharibəsində mübarizə aparan arxa cəbhə savaşçıları ilə tanış etmək olub.
Vebinarın qonaqları qardaş Türkiyədən “TV 100” kanalının cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Ali Burak Ersemiz, “Beynəlxalq Azərbaycan Xanımları Klubu”nun rəhbəri Kamala Ceylinova, eləcə də, Azərbaycan Televiziyasının bölgə müxbiri Elnur Tofiq və “Boccia” idmanının baş katibi və baş məşqçisi, Birinci Qarabağ müharibəsi qazisi İlham Məhərrəmov olublar. Onlar 44 günlük müharibə zamanı yaşadıqları unudulmaz anlarını, xatirələrini gənclərimizlə bölüşüblər. Bundan başqa tədbirin sürpriz qonaqları – Azərbaycan gənclər diasporasının Misirdəki koordinatoru Səbinə Aydın və Norveçin İctimai Teleradio Şirkətində çalışan jurnalist İdrak Abbasov da gördükəri işlər barəsində danışıblar.
“Mənim Dünyam” mərkəzinin rəhbəri İbrahim Məmmədov da “Vətənə qayıdış” layihəsinin finalı haqqında fikirlərini bildirib: “Ötən gün mərkəzimiz çox böyük bir layihəyə imza atdı. Beş ölkədən qoşulan qonaqlarımız, otuz ölkədən çox isə görüşümüzü izləyənlər oldu. Buna görə də, “Yaşam” komandasına təşəkkür edirəm. Təbii ki, bizim gələcəkdə bundan da böyük layihələrimiz olacaq. Çünki biz bir yerdə güclüyük”.
Görüşdə ən yadda qalan məqəm isə Ağdam rayon Cabbar Qaryağdı oğlu adına 1 saylı uşaq musiqi məktəbinin muəllim və şagirdlərinin səsləndirdikləri ifalar oldu.
Qeyd edək ki, sonda bütün iştirakçılara və qonaqlara sertifikatlar verilib.