Bu gün müsəlman şərqinin ilk demokratik respublikasının banisi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

139-cu ildönümündə dahi şəxsiyyətin məşhur fikirlərini sizlərlə bölüşürük.

 

“Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av­ropa iqtidarı – əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç bo­yalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dal­­ğala­nacaqdır). Bir daha qaldırılmış bayraq bir daha en­mə­yəcək­dir…”

 

“Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

 

“Vətən qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

 

“Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.

 

“İki cür “millətpərəstlik” var; biri qoçaq, biri də maymaq. O ki, qoçaq millətpərəstdir – gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı” yainki “millət fabrikası”, başlayır
yavaş-yavaş “millət qarpızı”; “millət papirosu”, “millət bezi” satmağa. Bu “millətpərəst”in mətai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır. O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanıb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir”.

 

“Yavru quşcuğazı qəfəsə salınca haray edər, bağrı çatlar. İnsanın isə azadlıq günəşini kimsə əli tutunca eyni sonluq olar. Azadlıq günəşinizi qaptırmayın kimsələrə, azad bir quş qədər xoşbəxti yoxdur cahanda”.

 

“Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!”.

 

“Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidirlər, günəşdən qaçarlar”.

 

“Yaşasın istiqlal! Yaşasın Azərbaycan!”