1490-1492-ci illərdə Leonardonun yazdığı qeydlərin içərisindən tapılmış rəsm nüsxələrindən biri məhz Vitruviusun kitabının 3-cü cildinə həsr olunmuşdur. Rəsmdə bir-birindən fərqlənən müxtəlif vəziyyətli 2 çılpaq insan təsviri verilmişdir. Bu rəsm əsəri “Vitruvian İnsan” adlandırılıb. Leonardo Da Vinçinin – “Cakonda” və “Gecənin sirləri” ilə birgə “Vitruvian İnsan” adlı əsəri də onun ən məşhur üçlüyünə daxil edilmişdir.
Hazırda eskiz Venesiyada Qalereya Akademiyasında (Muzeyində) saxlanılır.
Məşhur şəkildə diqqəti cəlb edən, ilk növbədə, 24,5 x 34,3 santimetr ölçülü və biri dairənin, digəri isə kvadratın içərisində əks olunan insan təsvirləridir. Bu fiqurlar təsadüfi olaraq seçilməmişdir, həndəsi nöqteyi-nəzərdən onlar qədimdə ideal hesab edilirdilər. Görünür ki, şəkildəki dairə və kvadrat bir insanın proporsional bədən nisbətlərini əks etdirmək üçün uyğun gələn ən yaxşı fiqurlar hesab olunmuşlar.
Təsvirdən göründüyü kimi, insanda ətrafların hər ikisi aralı vəziyyətdə dairənin kənarlarının içərisini tutur. Bu vəziyyətdə insan təsvirinin əks olunduğu dairənin mərkəzi nöqtəsi isə göbək nahiyəsinə uyğun gəlir.
Rəssam aşağı ətrafları bir-birinə yaxın, yuxarı ətrafları isə aralı vəziyyətdə olan şəxsin təsvirini isə kvadrat içərisində əks etdirmişdir. Kvadrat içərisində diaqonalların kəsişmə nöqtəsinin qasıq nahiyəsinə uyğun olduğu görünür.
Leonardo da Vincinin “Vitruvian İnsan” təsvirini yaradarkən kimin modelini nəzərdə tutduğu və onun əsasında hazırladığı məlum deyil, çünki sənətkar tərəfindən xüsusi gündəlik qeydlərə əsasən, bunu onun “özü üçün” də planlaşdırmadığı müəyyən edilir. Digər tərəfdən, bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, bir insanı təsvir edən Leonardonun məqsədi burada riyazi baxımdan insan bədəninin ideal nisbətlərini əks etdirməkdən ibarət olmuşdur, ancaq rəsmdə nəzərə çatdırılan ölçülər tam dəqiq olmaya da bilər. Sənətşünaslardan biri isə belə hesab edir ki, şəkildə əks olunan elə alimin özünün portretidir.
2011-ci ildə Londonda Kings Kollecdə çalışan bir cərrahın şəkil üzərində apardığı tədqiqatı isə tamamilə gözlənilməz nəticələr verdi. İngilis aliminin tədqiqatına görə, eskizdə çəkilən adamın qasıq yırtığından əziyyət çəkən və bu sonradan həmin insanın ölümünə səbəb ola bilən birinə bənzədiyi göstərilirdi.
Tədqiaqtlar göstərir ki, Vitruviusun nisbətlərə dair yazdığı kitabı oxumadan, Leonardo da Vinci tərəfindən yaradılan şəkli tam olaraq başa düşmək qeyri-mümkündür. Rəsm kitabda göstərilən nisbətlərə əsasən təsvir edilmişdir, memar isə inşa etdiyi xüsusi binaların tikintisində də bu ölçüləri tətbiq etmişdir.