Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Bu barədə Banker.az agentliyin rəsmi internet səhifəsinə istinad edir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
MİDA qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.