Ailə insan həyatında mühüm məqamı, hətta həyatının bütün hissəsini əhatə edən vacib bir faktordur. Əsasən də uşaqlıq dövründə ailəmizlə bağlı hər bir an bizim həyatımızdakı gələcək rolumuzu müəyyən edir.

Doğulduğumuz gündən 7-8 yaşa qədər və xüsusən də, yeniyetməlik dövrləri 17-18 yaşa qədər həyatımızda yaşadığımız bütün hadisələr gələcəkdəki şəxsiyyətimizi formalaşdırmağa kömək edir. Uşaq 1 aylıq və ya 13-14 aylıq olduqda belə biz böyüklər elə hesab edirik ki, onların yanında nə etsək anlamayacaq və yadlarında qalmayacaq. Həqiqət tamamilə fərqlidir. Belə ki, uşaq beyni “recorder” – yəni telefonumuzda olan səs yazma proqramı kimidir. Hətta, ondan belə üstün, keyfiyyətlidir. 5 aylıq körpə uşaq bizə baxmasa belə, danışdığımız hər bir anı beyninə həkk edir.

2-3 yaş ərəfəsində uşaqlar özlərini tanımağa başlayır. Bu zaman onlara ən yaxın olan insanları – “valideynlərini” nümunə götürürlər. Əgər bir ailədə ata anaya qarşı fiziki, mənəvi şiddət tətbiq edirsə, o ailədə böyüyən oğlan uşağının da eyni hərəkəti təkrar etmə ehtimalı çoxdur.  Düzgün bir sevgi ilə böyüməyən hər bir uşaq cəmiyyətə düzgün bir sevgi və qayğı verə bilməz. Bir qız uşağı atası tərəfindən döyülən anasının, bu şiddətə qarşı səssiz qaldığını görsə, gələcəkdə “ailəm dağılmasın, uşaqlarım atasız böyüməsin”  – deyə çox güman o da səssiz qalacaq.

Sadəcə problemli ailələrdə deyil, istənilən hər bir ailədə uşaqların tərbiyəsi zamanı qarşıya maneələr çıxa bilər. Əsas odur ki, bu problemlər necə həll olunur. Çalışağın ki, dünyaya gətirdiyimiz övladlarımızı, gələcək üçün sağlam bir fərd olaraq yetişdirək.

 

Psixoloq Xanım Bəşirli