Bilgisel.az’ın bugünkü müsahibi azərbaycanlı kolleksiyaçı Siyavuş Əlizadədir.
– Siyavuş bəy, necə oldu ki, kolleksiya yığmağa qərar verdiniz?
– Bunu artıq hər yerdə demişəm demək olar ki. (gülür) Kolleksiya toplamağa ilk olaraq dəmir pullar toplamaqla başladım. Hətta gününə qədər yadımdadır, 2000-ci ilin 12 yanvar tarixi. Bildiyimiz kimi, 1920-ci ilin bu günü həm də Azərbaycan Cümhuriyyətinin Parisə göndərdiyi heyəti tərəfindən Azərbaycan istiqlaliyyətinin tanınması günü kimi qeyd olunur. Mən bunu illər sonra bildim. Çünki o zaman uşaq idim, 12 yaşım vardı. Bu tarix daha sonralar mənim üçün ikiqat bayram oldu. Həmin gündən etibarən pullara, etnoqrafik əşyalara marağım artdı. Bu maraq 20 il sonra formalaşan kolleksiyamın başlanğıcı oldu.
– Hazırda kolleksiyanızda nə qədər nümunə var?
– Açığı deyim, kolleksiyamda nə qədər eksponat olduğunu bilmirəm. Bəlkə də, bilmək istəmədiyimdən bilmirəm. (gülür) Amma muzeyimiz mərkəz şəklində fəaliyyətə başlayandan sonra eksponatların siyahısı tam şəkildə – nöqtə, vergülünə qədər aparılacaq.
– Kolleksiyanızın əsasını nələr təşkil edir?
– Kolleksiyam hal-hazırda 10 fərqli istiqamətdə toplandığından hər istiqamətin də öz maraqlı eksponatları var. Əsas hissəsini isə heykəl, keramika, rəsm əsərləri (eskiz, etüd, qrafika və onun növləri) təşkil edir. Kolleksiyamda 1100-dən artıq rəsm əsəri nümunələri var. Bununla yanaşı, Azərbaycanda keçirilən dünya əhəmiyyətli oyunların xatirə medallarını da toplayıram.
– Öz qazancınızla satın alıb, kolleksiyanıza əlavə etdiyiniz nümunələr var?
– 20 illik təcrübəmdə bu kolleksiyaya nə qədər pul xərclədiyimi mən və mənə çox yaxın olan dostlarım bilir. Amma eksponatların 80%-i hədiyyə olunub. Bu eksponatları hədiyyə edən hərkəsin qarşısında baş əyirəm, onlara çox sağolumu bildirirəm. Hər zaman deyirəm ki, bu kolleksiyadakı eksponatlar mənim deyil. Mən sadəcə bu eksponatları gələcək nəsillərə çatdırmaq üçün bir araya toplayıb, muzey şəklinə salmışam. Bu muzeyi tariximizə, mədəniyyətimizə, incəsənətimizə, Azərbaycanımıza yadigar qoyub gedəcəyəm.
– Bir kolleksiyanı daha dəyərli edən nümunələrinin qədim tarixə malik olmasıdır. Amma biz həm də bilirik ki, qədim nümunələr vaxt keçdikcə öz keyfiyyətini itirir. Bəs köhnəlmiş, yazıları oxunaqlı olmayan nümunələri kolleksiyanıza olduğu kimi, yoxsa yenilədikdən sonra əlavə edirsiniz?
– Belə deyim, eksponatlarımın hamısı dəyərlidir. Hətta elə bir rəsm əsəri yaxud eksponat ola bilər ki, onun nə maddi, nə tarixi, nə də etnoqrafik dəyəri olsun, buna baxmayaraq, o mənim kolleksiyam üçün çox böyük əhəmiyyətə malik olar. Məsələn, ola bilər, bir rəssam ilk vaxtlarda məni tanımadığından kolleksiyama zəif bir əsərini bağışlayar. Lakin zaman keçdikcə o görür ki, hədiyyə etdiyi zəif əsərini necə dəyərləndirib, insanlara sevə-sevə təqdim etmişəm. Bundan sonra o rəssam artıq ikinci dəfə hədiyyə seçərkən daha diqqətli olur. Amma onun ilk verdiyi hədiyyə heç vaxt yadımdan çıxmır. Həmin o ilkləri qoruyub, saxlayıram. Çünki ilklər heç vaxt unudulmur.
– Kolleksiyanızdakı nümunələrdən ən dəyərlisi hansını hesab edirsiniz?
– Bu sual çox maraqlı gəldi mənə. (gülür) Necə ki, valideyn övladları arasında heç bir fərq qoymadan hamısını eyni dərəcədə sevir, eynilə, mənim üçün də eksponatlarımın hamısı dəyərlidir. Amma daha çox dəyər verdiyim eksponatlarım bir az zədələnmiş olanlarıdır. Onların üstündə daha çox əsirəm. Bəzən elə olur ki, tarixi dəyəri qədim olmayan hər hansı bir eksponat sənin üçün çox dəyərli sayılır.
– Bəs kolleksiyanızda ən qədim nümunənin neçə yaşı var?
– Ən qədim eksponat 1 milyon yaşı olan “Daşlaşmış Ağac”dır. Həmin eksponat həmçinin Milli Tarix Muzeyində də saxlanılır. Bundan əlavə, eradan əvvələ aid olan arxeoloji materiallarım da var. Onlar isə muzeydə olduğu kimi qorunub saxlanılır. Ümumiyyətlə, tarixindən asılı olmayaraq, eksponatlarımı olduğu kimi qoruyub saxlamağa çalışıram.
– Bəs ən bahalısının qiymətini bilmək olar?
– Bu sual nədənsə, hamını maraqlandırır. (gülür) Bayaq da dediyim kimi tarixi, maddi, mənəvi dəyərindən asılı olmayaraq, hamısı mənim üçün əzizdir. Düzdür, muzey işində belə bir şey var ki, hər bir eksponat bugünkü bazar səviyyəsinə uyğun olaraq, ekspertlər tərəfindən qiymətləndirilməlidir. Amma mən onu hələ ki, hesablamamışam.
– Kolleksiyanıza hər hansı bir nümunəni əlavə etməmişdən öncə, nələrəsə diqqət edirsiniz?
– Bəli. Təbii ki, diqqət edirəm. İlk öncə o eksponat Azərbaycanıma, onun müxtəlif rəngarəng etnik qruplarına məxsus olan bir eksponat olmalıdır. Bakıma, Abşeronuma, şimallı-cənublu Azərbaycanıma aid olmasını əsas götürürəm.
– Onlara necə qulluq edirsiniz?
– Öncəliklə, onların olduğu kimi qorunub saxlanılması üçün rütubətdən, istidən, Günəş şüalarından qoruma kimi standart qoruma metodlarından istifadə edirəm. Amma tətbiqi sənət, tikmə və s. bildiyimiz bəzi nümunələri isə dədə-baba üsulu ilə qorumağa üstünlük verirəm: kəlağayıları sandıqda naftalində saxlayır, taxtadan olan bəzi eksponatları zeytun yağı ilə yağlayıram. Yaxud da xalça məmulatlarının içərisinə yovşan qoyub saxlayıram.
– Kolleksiya toplamaq istəyənlərə sözünüz?
– Sözüm budur ki, fərq etməz nə toplayırsınız: ayaqqabı, parça, telefon, pul, dəmir. Əsas odur ki, topladığınız nümunələri sevin, onlara dəyər verin.
– Kitablardan söz düşmüşkən, “Bakılı belə danışır” kitabınız haqqında danışaq.
– Mənə Bakı ləhcəsi uşaqlıqdan həmişə maraqlı olub. Hətta yaşlı insanlardan eşitdiyim o sözləri bir dəftərçəyə qeyd edirdim. Niyə qeyd etdiyimi də bilmirdim (gülür). Və zaman keçdi. Günlərin bir günü bu barədə Azərbaycanın Xalq yazıçısı Qılman İlkinlə söhbət edəndə Qılman müəllim dedi ki: “köhnə bakılıların danışığında istifadə olunan sözləri lüğət halında çap etmək mənim həmişə arzum olub”. Mən ona bu sözləri qeyd etdiyimi söyləyəndə Qılman müəllim üzümə bir neçə saniyə baxdı və dedi: “Get, gətir”. Səhəri gün biz onunla yenidən görüşdük. İndiyədək yadımdadır, 1400-dən çox söz var idi orada. Həmin o sözləri qısa müddət ərzində 700 sözə endirdik və Qılman müəllimin istəyilə kitab çap olundu. Amma təəssüf ki, kitab çap edilməzdən bir neçə ay öncə Qılman müəllim vəfat etdi.
– Kolleksiyanızın saxlanıldığı xüsusi muzey varmı?
– Deməli, bir neçə il mənim kolleksiyamda olan eksponatlar Şağandakı 124 saylı orta məktəbdə saxlanılırdı. İlkin ekspozisiyanı 2016-cı ilin 16 dekabr tarixində təqdim etdim. Həmin an ölkənin ən görkəmli insanları orada iştirak edirdi. Ömər Eldarov, Ziyadxan Əliyev, Qəyyur Yunus, Xanlar Əhmədov kimi onlarla görkəmli incəsənət xadimlərinin iştirakı kolleksiyamın artmasına, daha geniş kütlə tərəfindən tanınmasına səbəb oldu. Daha sonra məktəbin direktoru yaş həddinə görə məktəbdəki vəzifəsindən azad edildiyinə görə, mən kolleksiyamı oradan başqa yerə köçürməli idim. Allah belə nəsib etdi ki, mənə müəyyən ərazi təklif olundu. Allahın iznilə, kolleksiyalarım əsasında formalaşdırdığım muzeyin ekspozisiyasını yaratmaq da, mənə nəsib olar.
Mübariz ZƏKİ