Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusu Suqovuşan (Madagiz) kəndini düşməndən azad edib.
Bilgisel.az xəbər verir ki, Suqovuşan (Madagiz) kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar vilayətində Ağdərə rayonunun inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu Tərtər və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan (Madagiz) kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Düşmən bu istiqamətdən Tərtəri artilleriya atəşinə tuturdu. Bu ərazi strateji baxımdan “Qarabağın açarı” hesab olunur. Çünki Murovdağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Madagizin alınması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdam şəhərinin azadlığına yol açılır.
Qeyd edək ki, işğaldan azad edilən Suqovuşan ərazisində V əsrdə tikilən yeddi kilsədən ibarət Müqəddəs Yelisey monastrı yerləşir. Alban hökmdarı III Mömin Vaçaqanın məzarı da bu kənddədir.
Həmin kənddən fotoları təqdim edirik: