Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi “Azersky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.

“Azərkosmos” və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.

“Azərkosmos”un 2014-cü ildə “Airbus Defence and Space” şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, peyk “Airbus Defence and Space” şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, peyk olmasa belə, “Azərkosmos” “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, “Azərkosmos” ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.