Qaya
Küləklər dəniz sahilindəki qayalara çırpılarkən əks-səda yaranır. Adını məhz bu hadisədən götürmüş Qaya qrupunun yaratdığı əks-sədanın təsirindən isə hələ də çıxa bilmirik. Çünki hələ internetin kəşf edilmədiyi, dünya üzrə şöhrət qazanmağın qəliz məsələ olduğu vaxtlarda belə bu qrupun şöhrəti sərhədi aşa bilmişdi. İndi də üstündən yarım əsr keçməsinə baxmayaraq, mahnıları yaddaşımızın sərhədindən kənara çıxmır, hər eşitdikdə zümzüməsi gün boyu ağlımızda qalır.
Karvan
Yəqin ki, Karvan qrupunu tanımayan yoxdur. Bəs heç bilirdin ki, bu qrup yuxarıda sözü keçən Qaya qrupunun varisi kimi tanınır? Bu isə heç də təsadüfi deyil, çünki Karvan qrupunun ilk üzvlərindən ikisi — Tamilla Ağamirova və Yevgeni Baxtin məhz Qaya qrupunun keçmiş üzvləri idi. Qrupun qurucusu isə rejissor Sevinc Kərimova olub. O, qrup üçün kliplər çəkərək Karvan adını həm də “Azərbaycanın ilk klip çəkdirən qrupu” kimi tanıdıb. Bu kliplərə baxdıqda özünü bir neçə dəqiqəlik o günlərə səyahət edib qayıtmış kimi hiss etməmək əldə deyil.

W-trio

Özü parçalandıqdan sonra üzvləri daha da şöhrət qazanan ilk Azərbaycan qrupu məhz W-trio olub. Bəs kim idi bu üzvlər? Əlbəttə, onları yaxşı tanıyırsan — Elnarə, Röya və Natavan Həbibi. Aha, düz oxudun. Bu üç məşhur sima bir zamanlar eyni qrupun bir parçası olublar. Hazırda isə fərdi fəaliyyət göstərən bu ifaçılarımızın səsi səhnələrdən əskik olmur və hər biri yetərincə tanınıb, sevilir.
Yuxu
Azərbaycan musiqisinə imza atmış qruplardan danışıb ən məşhur rok qrupumuz Yuxudan söz açmasaq, olmazdı. Qrup fəaliyyətinə ölkəmizdə rok musiqiyə olan marağın artdığı bir dövrdə — 1987-ci ildə başlayır, bundan cəmi 2 il sonra “Xəzərin sahilində” mahnısı ilə “Qızıl payız” musiqi festivalında qalib olur. Həmin mahnıya klip çəkilməsi isə qrupun şöhrətinə şöhrət qatır. Fəaliyyətlərini uzun müddət Türkiyədə davam etdirən qrup, orada rokun inkişafına və hətta yeni qrupların yaranmasına da təkan verib. Üstündən uzun müddət keçmiş olsa da, mahnıları hələ də gənc istedadlar üçün ilham qaynağı olmağa davam edir.
Dəyirman
Dəyirman qrupu çoxunun repi sevmə səbəbi olub desək, yanılmarıq. Bir dövrün əfsanəsi hesab edilən bu qrup indi də nə yaddaşlardan, nə də pleylistlərdən silinir. Bir vaxtlar tez-tez radioda rast gələ biləcəyimiz Dəyirman mahnılarının əks-sədası bu gün də yanımızdan ötən maşınlardan eşidilə bilir. Qrupun Azərbaycan repinə olan qatqısını düşündükdə isə bu, heç də təəccübləndirici hal deyil. Anlaşılan odur ki, hələ Dəyirman adını uzun müddət görməyə davam edəcəyik.