2018-ci ilin bu günü 76 yaşında vəfat edən dünyaca məşhur ingilis fiziki  Stiven Hokinq ümumi nisbilik  nəzəriyyəsi və qara dəliklər mövzusunda apardığı araşdırmalarla şöhrət qazanıb.

Lakin Hokinq tez-tez öz tədqiqat sahəsindən kənara çıxaraq qarşıdakı dövrlərdə bəşəriyyəti gözləyən problemlərə və ekzistensial təhlükələrə diqqət çəkib.

Onun bu məsələlərlə bağlı açıqlamaları mətbuatın manşetlərində olsa da, bəzən mübahisələrə səbəb olub.

Onlardan bəzilərini təqdim edirik:

Başqa planetlərdə yerləşmək

 Hokinq onilliklərdir ki, bəşəriyyət başqa planetlərdə daimi məskunlaşmaq üçün hərəkətə keçməlidir deyirdi.

Onun bu bəyanatları tez-tez manşetlərə çıxarılırdı.

Hokinqin fikrincə, bəşəriyyəti Yer kürəsindən siləcək hadisələrdən xilas olmaq mümkün deyil. Bu hadisələrə meteorit zərbəsi kimi kosmik hadisələr, eləcə də süni intellekt, iqlim dəyişikliyi, geni dəyişdirilmiş viruslar və ya nüvə müharibəsi kimi hadisələr daxil ola bilər.

2016-cı ildə BBC-yə danışan Hokinq “Yer kürəsində ildə bir fəlakət ehtimalı çox aşağıdır. Amma bu ehtimal böyük bir zaman müddətində artır və min, 10 min il kimi zaman aralığında qətiləşir” deyib.

Bu müddət ərzində bəşəriyyətin bütün kainata yayıla biləcəyinə inanan Stiven buna baxmayaraq, növbəti 100 il üçün insanlara xəbərdarlıq edib:

“Biz qarşıdakı yüz il ərzində kosmosda özünü təmin edən koloniyalar yaradacaq texnologiyaya çata bilməyəcəyik, ona görə də, bu müddətdə  çox diqqətli olmalıyıq”.

Stiven Hokinq yer üzündəki həyat üçün ən böyük təhlükələrdən birinin iqlim dəyişikliyindən qaynaqlanacağını düşünürdü.

 Robotların dünyaya hökmü

Stiven Hokinq süni intellektin yaratdığı imkanların fərqində olsa da, təhlükələrə qarşı da xəbərdarlıq edirdi. O, süni intellektin tam inkişafının bəşəriyyətin sonu ola biləcəyini söyləmişdi.

Hokinqin fikrincə, bu günə qədər hazırlanmış sadə süni intellekt çox faydalı olub. Bu, insanlarla danışmağa imkan verən süni intellekt proqramı idi. Lakin o, ağıllı robotların inkişaf etmiş formalarının insanlardan üstün ola biləcəyini düşünürdü.

 Yadplanetlilərin qəzəbi

 2010-cu ildə Discovery Channel-a danışan fizik yadplanetlilərin Yer kürəsini resurslarına görə talayıb yoluna davam etmə ehtimalından narahat olduğunu söyləyib:

“Əgər yadplanetlilər bizə baş çəksələr, bu, Kristofer Kolumbun Amerikaya ayaq basması kimi olacaq. Çünki bu, yerli amerikalılar üçün yaxşı olmadı”.

Hokinq ağıllı varlıqların bizim tanımaq istəməyəcəyimiz şeylərə necə çevrilə biləcəyini görmək üçün sadəcə özümüzə baxmağın yetərli olduğunu bildirib.