Balaxanı Azərbaycanın ən qədim qəsəbələrindən eyni zamanda da neft məskənlərindən biridir. Qədim tarixə malik olan Balaxanı bu gün aparılan abadlıq işləri sayəsində həm qədimiliyini qoruyub saxlayır, həm də müasirliklə qədimiliyin vəhdəti Balaxanını turistik zonaya çevirir. Elə məhz bu səbəbdən də son zamanlar Balaxanıya insan axını başlayıb.

Balaxanıya səyahət

Balaxanıya səyahət

Həqiqət budur ki, Balaxanı hamımızın təsəvvüründə heç də təmiz olmayan bir məkan kimi qalıb. Amma indi Balaxanıya gedən hər kəs oradakı ab-havadan, insanların davranışından, qəsəbənin gözəlliyindən xoş təəssüratlarla ayrılır. Balaxanıya mən də getdiyim üçün öz fikirlərimi sizinlə bölüşmək istəyirəm. Balaxanıya getmək məqsədim Balaxanı küçələrini rəsm əsərləri ilə canlandıran insanları tanımaq idi. Mən o insanları tanıdım, indi isə sizi də o insanlarla həm hazırladığımız kiçik reportajla həm də yazdığım mətn vasitəsi ilə tanış edəcəm.

Əvvəlcə qeyd edim ki, bu işləri AZfresco edir. Balaxanıya gələn komandanın başında Tahir Ələkbərov durur. Komandanın digər bir üzvi isə rəssam Məhərrəm Əlidir.
Fiqur və fonların birbirilə vəhdət təşkil etdiyi bu rəsm isə elə Balaxanıdan olan Əzizbala Balaxanlıya aiddir.

Əzizbala Balaxanılının rəsmi

Əzizbala Balaxanılının rəsmi

Məhərrəm Əli ilə söhbətimizdə o çox maraqlı bir o qədər də vacib məsələlərə toxundu. O dedi ki, “Balaxanın Abşeron rəssamları içərisində, incəsənət məktəbləri, tarixi memarlıq abidələri içərisində Balaxanının özünə məxsus xüsusi yeri var. Adından da göründüyü kimi “Bala” yuxarı, “xana” yer deməkdir. Bizim üçün Balaxanıda işləmək ayrıca bir zövq verir. Balaxanıdakı insanlar bizdə pozitiv aura yaradır. Belə deyim ki, buradakı insanlar bizi körpə uşaq kimi əl üstündə saxlayırlar. Hətta çox vaxt mən düşünürəm ki, kaş biz hər zaman Balaxanıda işlər görək, buradakı insanlarla ünsiyyətimiz bitməsin”.

Rəssam Məhərrəm Əli

Rəssam Məhərrəm Əli

Bəli, Məhərrəm bəyin oranın insanları haqqında dediklərinə mən də qatılıram. Adətən dağ kəndlərinə gedən zaman insanlardan gördüyümüz münasibəti gördüm orada. İnsanlar küçədə salam verir, xoş gəlmisən deyir, hətta evinə dəvət edənlər də oldu. Balaxanı bu insanlar sayəsində onsuz da gözəl imiş AZfresco-nun rəhbəri Tahir Ələkbərovun komandası sayəsində isə daha da gözəlləşib. Videoda son hissədə gördüyünüz görüntülər isə Balaxanıda yaradılan “Gilabi Ceramics”-dən idi.

"Gilabi Ceramics"-dən görüntü

“Gilabi Ceramics”-dən görüntü

Orada gənc rəssamlar öz əl işlərini inkişaf etdirir, həm də hədiyyəlik gözəl nümunələr yaradırlar. Oradan bizə üzərində Balaxanı yazısı olan xüsusi hədiyyə də verdilər.

"Gilabi Ceramics"-dən hədiyyə

“Gilabi Ceramics”-dən hədiyyə

 

Məryəm Hüseyn

Aytəkin Cəlali