Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Salatın Əsgərovanın doğum günüdür. Yaşasaydı, 61 yaşını qeyd edəcəkdi.

Salatın Əsgərova, Azərbaycanın İlk Şəhid Qadın Jurnalisti

Bilgisel.az şair Nəbi Xəzrinin Salatın Əsgərova haqqında yazdığı elegiya-poemanı sizə təqdim edir.

Baxdı atasının

tutqun üzünə,

O, gördü mehriban

baxışlarda qəm.

“ – Ata, Qarabağa gedirəm yenə.

Ceyhun əmanəti…

əyər gəlməsəm…”

“ – Sən nə danışırsan?

Bu sözlər nədir?

Belə bəd hisslərdən

ay qızım, əl çək”

Qızın ürəyindən

axdı bir fikir:

“Həmişə güllələr

yan keçməyəcək!”

Ata gözlərində

yaş gilələndi,

Öpərək qızını

kədərlə dindi:

“ – Mən oğul istədim

ilk övladımı,

Dedim Soltan qoyum

onun adını.

Sən gəldin, can qızım,

mehriban qızım,

Mənə ilahidən

ərmağan qızım,

Dedim ki, Soltana

yaraşsın adın.

Odur ki, çağırdım

səni, Salatın!

Mən oldum səninlə

Bəxtəvər, qızım.

Mənim yüz kişiyə

Bərabər qızım!”

Ata əl qaldırdı

göylər tərəfə:

“ – Gözləmək olsunmu

ömürlük peşəm!”

“ – Son dəfə getmişəm,

ora hər dəfə,

Sonra da görürsən

Dönüb gəlmişəm”.

“ – Daha buraxmaram

ora mən səni!”

“ – Əyər çağırırsa Vətənim

məni!…”

“ Nə çoxdur igidlər

o yerdə bu gün”.

“ – Məni igidlərə tay tutdun

özün”.

“ – Orda ölüm də var,

orda qan da var”.

“ – Getməsəm qələmim,

qəlbim də sınar”.

Bir qara buluda

büründü aləm,

Çökdü sükut ilə

qəm kainata.

“ – Mən ki, ölənlərdən

artıq deyiləm.

Sənə tapşırıram

Ceyhunu, ata!”

Kədər bulud-bulud,

dərd kölgə-kölgə,

Qondu gül yanağa

son təbəssümü.

…Ölüm axtarmayır

insanı bəlkə

Bəzən insan özü

gəzir ölümü!

 

 

Mübariz Zəki