Bu gün Azərbaycan estradasının sevilən müğənnisi Faiq Ağayevin doğum günüdür. Bilgisel.az sənətkarın həyat yolunu sizə təqdim edir.
29 dekabr 1971-ci ildə Bakıda anadan olan Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Peşəkar səhnəyə 1988-ci ildə gələn Faiq Ağayev həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, “Qızıl Payız-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.
O, 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
1995-ci ildə müğənni “Ola bilməz” adlı ilk albomunu təqdim edir. Bu albomdan sonra 1996-cı ildə təqdim olunan “Səni əvəz eləmir”, 1998-ci ildə çıxan “Vəfasızım”, 2000-ci ildə “Faiq Ağayev – Seçmələr”, “Minilliyin sonu…”, 2004-cü ildə işıq üzü görən “Tam məxfi” və 2006-cı ildə dərc olunan “Faiq Agayev — Albom Kolleksiyası” albomları müğənninin diskoqrafiyasını davam etdirir.
1998-ci ildə Faiq Ağayev üçgünlük “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının qazanıb. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.
2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı verilir.
2000-ci ildə “İlin müğənnisi” nominasiyasında “Qızıl Mikrofon” Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə “İlin müğənnisi”, “İlin albomu” (“Minilliyin sonu…”) və “İlin konserti” (“Əsrin və minilliyin son konserti”) nominasiyalarında “Grand” Milli Mükafatı qazanıb.
2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən edir.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı verilir.
2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VİDA” solo konsertləri təşkil edilib. Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
2013, 2015, 2018-ci illərdə Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-ci ildə “Eurovision” mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyyətinin xallarını elan etmişdir.
2015-ci ildə AzTV-də yayımlanan lisenziyalı “Səs Azərbaycan” (The Voice Azerbaijan”) teleşousunda ustad münsif olmuşdur.
Mübariz Zəki