“Hələ yad əldədi yurdumuz-yuvamız , Bitib tükənməyib o, qan davamız”.
Bu sözlər son günlər daha çox dinlədiyimiz, bizə ruh yüksəkliyi verən “Cənab Leytenant” mahnısındandır. Bu günki müsahibimiz də Şəmistan Əlizamanlıyla birlikdə “Hay ver mənə Cənab Leytenant” mahnısını oxuyan Əməkdar artist Nuriyyə Hüseynovadır.

Əməkdar artist Nuriyyə Hüseynova "Cənab Leytenant"mahnısı haqqında danışdı

Əməkdar artist Nuriyyə Hüseynova

“Cənab Leytenant” mahnsını necə oldu ki, ərsəyə gəldi?
Cənab leytenant mahnısını mən 10 il bundan öncə oxumuşam. Bu mahnının ilk təklifi qəhrəmanlıq mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdan gəlib. Tək bu deyil “Kərkük” və digər vətənpətvərlik mahnılarını da biz birlikdə oxumuşuq. Biz Türk dünyasını əhatə edən bir tədbirə qatılmışdıq. Bu tədbir Türkiyədə Kuzey Kıbrısda baş tutmuşdu. Orada bizim ayrı-ayrı repertuarımız var idi. Amma ondan da, məndən də eyni mahnıları istəyirdilər. Beləliklə biz oradakı tədbirdə “Çırpınırdı Qara Dəniz”i , “Özbək, qırğız, uyğur, tatar bunlar bir boydur” kimi mahnıları duet şəklində ifa etdik. Elə o gündən Şəmistan müəllim dedi ki, biz Bakıya gedək, bir neçə mahnıları birlikdə işləyək, həm albom buraxarıq həm də belə tədbirlərdə bu cür mahnıları ifa edək. Bakıya gəldikdən sonra biz mahnıları seçdik.”Ninnə yarım” və.s. mahnıları oxuduq. Bunlardan biri də “Cənab leytenant” idi ki, Şəmistan müəllim bunu israr etdi ki, oxumalıyıq. “Cənab Ieytenant” mahnısını həm duet həm də ayrı ayrılıqda ifa etdik. Bu mahnı ilə bir çox cəbhə bölgəsindəki konsertlərə getdik.
Hazırda ən çox dinlənilən mahnıdır. Bu haqda təəssüratınız necədir?
Əslində bu mahnı çox gözəl mahnıdır. Biz demək olar ki, dəvət aldığımız bütün tədbirlərdə bu mahnını istəyirlər. “Cənab leytenant” köhnəlmir, aktuallığnı itirmir. “Cənab leytenant” mahnısını bizə uğur gətirsin deyə oxumadıq. Hamı bilir ki, bu vətənpərvərlik mahnısıdı. Müharibədən, bir əsgərin, leytenantın cəbhə boyu vuruşmasından bəhs edir. Onun geyimini, geyimindəki nişanları vəsf edir. Bilmirəm biz bunu nə dərəcədə gözəl ifa etdik, amma bir onu bilirəm ki xalq bu mahnını çox sevdi. Elə özüm də maşında işə getdiyim zaman hər gün baxıram ki, bu mahnını bütüm radiolar verir. Bu təbii ki, mənim xoşuma gəlir. Mənim də ölkəmə, vətənimə, orduma musiqi ilə bir qatqım var. Bəzi insanlar musiqini sadəcə əyləncə olaraq bilir, amma əslində musiqi çox qüdrətli bir şeydir ki, musiqinin gücü ilə insan çox şeylərə nail ola bilir. Musiqi çox qüdrətli və möhtəşəm bir janrdır.
“Cənab Leytenant” mahnısının sözləri, musiqisi hərkəsi qürurlandırır, vətən sevgisinə yeni ruh qatır. Bəs siz “Cənab Leytenant” mahnısını oxuyan zaman hansı sözləri daha çox sizi ruhlandırır?

“Cənab Leytenant” mahnısı əvvəlindən sonuna qədər insanı ruhlandırır. Orada elə bir cümlə, elə bir söz yoxdur ki, mənasız olsun. Sözlər, fikirlər ardıcıllıqla birbirini tamamlayır. Mənə ən çox təsir edən hissəsi isə – “Barıt qoxulu o yollar, o yollar, Səni bəs nə vaxt qaytarar qaytarar”.
Bu gün bütün xanımlar, qızlar eyni fikirdədir ki, nə vaxt o barıt qoxulu yollar, barıt qoxulu, tozlu torpaqlı geyim sevdiklərini onlara qaytaracaq.
Hazırda bu tip vətənpərvərlik lahiyələriniz varmı?
Mənim vətənpərvərlik mövzusu ilə əlaqədar çox böyük lahiyələrim, ideyalarım var. Demək olar ki, bu pandemiya dövründə mənim 6-7 dənə bəstəm işıq üzü gördü. Bunların əksəriyyəti vətənpərvərlik mövzusundadır. Elə hazırda da 3 mahnı üzərində işləyirik. Onlarda vətənpərvərlik mövzusundadır. Qələbə sorağını, zəfəri gözləyirik. Qələbə sorağı gələn kimi bu proyektlər işıq üzü görəcək.
Son olaraq nə demək istərdiniz?
O gün olsun ki, müzəffər ordumuz qələbə ilə dönsün, torpaqlarımız işğaldan azad olunsun. Və biz bu mahnını əsgərlərimizlə, hərbiçilərimizlə Qarabağ torpaqlarında birgə söyləyək. Var olsun Azərbaycan! Var olsun onun əsgəri ordusu, dövləti, mədəniyyəti! Qədim bir xalq, böyük bir dövlət bu gün cəbhə bölgəsində mübarizə aparır, canından keçir. Ən şirin nemet candır. Əsgərlərimiz ön cəbhədə canlarından keçirlər. Bizim işimiz isə onlara musiqimizlə, düşüncələrimizlə, şeirimizlə ruh yüksəkliyi verməkdir.

Aytəkin CƏLALİ