Koronavirus pandemiyası COVID-19 ilə mübarizə üçün nəzərdə tutulan texnologiyaların kəskin şəkildə artmasına səbəb olub. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu qənaətə Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (ÜİMT) mütəxəssisləri gəliblər.
ÜİMT-nin yeni hesabatına əsasən, bütün dünyada yenilikçilər COVID-19 pandemiyası ilə mübarizə üçün yeni texnologiyaların qeydə alınması üçün minlərlə patent ərizəsi ilə müraciət edib, üstəlik təqdim edilmiş məhsulların böyük əksəriyyəti pasiyentlərin müalicə üsullarına aiddir.
2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayına qədər olan dövr ərzində dünyada 7758 patent ərizəsi verilib. Patentlərin sayına görə liderlər Çin, ABŞ, Koreya Respublikası, Almaniya və Böyük Britaniyadır.
Bununla yanaşı, 4787 patent ərizəsi artıq koronavirusa yoluxmuş insanlara yardım etmək üçün nəzərdə tutulmuş terapevtik vasitələrə aid olub. Ənənəvi tibb üsullarına əsaslanmış patentlərin payı təxminən 10 faiz təşkil edib. Qalan 1298 ərizə vaksinlərin hazırlanmasına aid olub. Anticisimlər – patentləşdirilmiş terapevtik vasitələrin ən tez artan növüdür, bu kateqoriyada verilən patent ərizələrinin təxminən üçdəbiri onların payına düşür.
Çin vaksinlər, eləcə də terapevtik vasitələrə aid olan patent ərizələrinin mənşəyi nöqteyi-nəzərindən aparıcı ölkə olaraq qalır. Daha sonra ABŞ, Almaniya, Koreya Respublikası və Hindistan yer alıblar.
Verilmiş patent ərizələri şirkətlər və tədqiqat təşkilatları arasında demək olar ki, yarıbayarı bölüşdürülüb. Təqdim edilmiş ərizələrin təxminən dörddəbirində bir neçə patent sahibi qeyd olunub ki, bu da şirkətlər və tədqiqat təşkilatları arasında əməkdaşlıqdan xəbər verir.