Tarix boyur yer üzündə insanlar bir çox viruslara qarşı mübarizə aparıblar. İndiyədək yayılmış təhlükəli epidemiyalar yüz minlərlə insanın ölümünə səbəb olub. Getdikcə bir-birini əvəzləyən ölümcül virus təhlükəsi bu gün də davam edir.
Alimlərin fikrinə görə, insanlar arasında ən çox ölümə səbəb olan virus QİCS, quduzluq və ya malyariya deyil. Bu, hər il 1.3 milyonda çox insanın dünyasının dəyişməsinə səbəb olan hepatit virusudur.
Hepatit
qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən – virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan – kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn – mexaniki hepatitlər və s. aiddir. Kəskin hepatitlər – şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər. Toksik hepatitlər – müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə bağlı meydana çıxan və onun funksiyasını zədələyən prosesdir. Virus hepatitləri (hepatitis viralis) – hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişikliklərini özündə cəmləşdirir.
Dünyanı qorxuya salan digər ən təhlükəli viruslar isə bunlar hesab olunur:
Qrip virusu
Qrip insanlarda kəskin respirator infeksiyaya səbəb olan virusdur. Hazırda, A, B, C serotiplərinə görə təsnif edilib, iki mindən çox forması var. A serotipindən olan virus qrupu (H1N1, H2N2, H3N2 və s.) insanlar üçün ən təhlükəlisidir. Dünyadakı mövsümi qrip epidemiyalarından hər il 250 ilə 500 min insan ölür (əksəriyyəti iki yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlar olmaqla) .
Rotavirus
İnsan üçün təhlükəli viruslardan biridir. Nəcis-oral yol ilə ötürülür. Körpələrdə və azyaşlı uşaqlarda kəskin ishalın ən çox yayılmış növüdür. Bu xəstəlik asanlıqla müalicə olunur, lakin dünyada hər il beş yaşına qədər 450 mindən çox uşaq həmin virusdan ölür. Ölüm hallarının əksəriyyəti inkişaf etməmiş ölkələrdə baş verir.
Marburq virusu
Bu virus hər bir insan üçün təhlükəlidir. Marburq virusu Filoviridae ailəsindən (Marburgvirus növü) olan RNT-virusunun törətdiyi, nadir rast gəlinən, lakin ağır zoonoz infeksiyadır. Virusun 2 ştammı mövcuddur: Marburg virus (MARV) və Ravn virus (RAVV). Bu, Ebola virusu infeksiyasına bənzərdir, lakin ondan fərqlidir.
Marburq virusu 1967-ci ildə Almaniyanın Marburq şəhəri daxil olmaqla, bir neçə Avropa laboratoriyalarında eyni zamanda baş vermiş alovlanmalardan sonra aşkarlanıb. Yüksək hərarət və başağrı, tez-tez rast gəlinən mədə-bağırsaq simptomları (ürəkbulanma – qusma) bu xəstəliyin ən yayılmış əlamətləridir. Qanaxma əlamətləri nadir hallarda aşkar edilir və xəstəliyin sonrakı mərhələsi ilə əlaqəlidir.
Ebola virusu
Ebola virusuna ilk yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Epidemiya əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adlandırılıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. Ebola virusuna qarşı hələlik təsdiq edilmiş peyvənd növü mövcud deyil.
Denge virusu
Virus ağırlaşma halında 50 faiz ölümə səbəb olur. 120-dən artıq ölkədə mövcuddur, xüsusilə cənub-şərqi Asiya və Sakit okeanın qərb regionları, Karib adaları, Latın Amerikası, eləcə də ABŞ, Afrika və Orta Şərqin bəzi regionlarında geniş yayılmış infeksiyadır. Virusa hər il təqribən 50 milyon insanın yoluxduğu bildirilir. Virusun daşıyıcıları xəstə insan, meymunlar, ağcaqanadlar və yarasalardır.
Zika virusu
Zika virusu ilk dəfə 1947-ci ildə Uqanda meymunlarında aşkar edilib və beş il sonra insanlarda xəstəliyin ilk halları müşahidə edilib. 86 ölkədə yayılma halları qeydə alınıb. Zika virusunu yaradan tropik və subtropik bölgələrdə olan “Aedes aegypti” adlı ağcaqanad növləridir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə yol aça bilər. Əlamətləri yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrılarıdır. Virusa qarşı peyvənd mövcud deyil.
Qızılca
Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı kütləvi peyvəndləmə yolu ilə qızılca xəstəliyinin aradan qaldırılacağını elan edib. Lakin iki min il ərzində virusun yaratdığı epidemiya bir çox ölümülərə səbəb olub. Təkcə XX əsrdə virus 300 milyon insanı öldürüb.
Lassa virusu
Lassa virusu da digərləri kimi təhlükəli və ölümcüldür. Xəstəlik ilk dəfə 1969-cu ildə Nigeriyanın Lassa şəhərində aşkar edilib. Əsasən Qərbi Afrikada, xüsusən Sierra Leone, Qvineya Respublikası, Nigeriya və Liberiyada müşahidə olunub. İllik xəstələnmə 300 mindən 500 minə qədər olub. Nəticədə 5 mindən çox insan həyatını itirib. Təbii rezervuarı tropik Afrikanın kənd yerlərində qida məhsullarına yaxın ərazilərdə məskunlaşan gəmirici siçovullardır.
HİV
İnsan immun çatışmazlığı virusu və ya HİV ilk dəfə 1980-ci illərin sonlarında aşkar edilib. Virus immunitet sistemini pozur, insanları infeksiyadan və müəyyən xərçəng növlərindən qoruyan sistemləri zəiflədir. Təbiətdə infeksiya meymunların bədənində olur və onlara zərər vermir. Lakin insanlar üçün onun çoxalması ölümlə nəticələnir.
Quş qripi –
Quş qripi “A” viruslarının fərqli növ xüsusiyyətlərinə malikdir. Ev quşları və vəhşi quşlardan keçən yüksək patogenli quş qripi (YPQQ) A H5N1 virusu insanlara ötürülə bilər, nadir hallarda infeksiyanın insandan insana ötürülməsi mümkündür. Xəstəliyi olan insanlar immunitetiı inkişaf etdirir. Ancaq orta hesabla virusa yoluxmuş insanların təxminən 60% -i ölür.
Donuz qripi (SIV)
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus “donuz qripi” adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. Qripə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
Hazırda dünyanı yeni bir virus – Koronavirus pandemiyası öz cənginə alıb. Yeni tipli pnevmaniya COVID-19, 2019-n CoV koronavirusu 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmaniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmaniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Martın 11-də isə koronavirusu pandemiya elan edib. Hazırda Azərbaycan daxil olmaqla, dünyanın bir çox ölkələri bu virusla mübarizə davam edir.
Aydın Nuri