İngiltərənin Norviç şəhərində 31 yaşlı Rozi adlı pişik dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə bilər.

Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.

Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.

Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.
“Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq”, – deyə heyvanın sahibəsi qeyd edib.