XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar həqiqətən bir çox hallarda bizim köməyimizə çatır. Buna karantin günlərində bir daha şahid olduq: evdən çıxmadan telefonla onlayn qaydada iş, dərslərə qoşulanlar kim, asudə vaxtlarında mobil cihazlar vasitəsilə film, serial izləyənlər kim. Bəs bir an belə ayrı qala bilmədiyimiz mobil telefonlar bizi dinləyir mi?
Mövzuyla bağlı texnobloqer Fərid Pərdəşünas Bilgisel.az saytına öz fikirlərini bildirib.
“Mobil telefonların insanları dinləməsi məsələsi çoxdan gündəmdədir. Əslində praktiki olaraq bu mümkündür: istər mobil cihazların kamerasından görüntünün əlçatanlığı, istərsə də, istifadəçinin səs vasitəsilə dinlənilməsi. Hətta bir neçə il bundan öncə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş agenti Eduard Snouden açıqladığı sənədlər vasitəsilə bunu ortaya çıxarmış və bununla da dünyada böyük bir səs-küyə səbəb olmuşdu.”
Texnobloqer bildirib ki, sosial şəbəkə istifadəçilərinin iddiasına əsasən, Facebook, İnstagram, Google kimi böyük platformalar insanların səsini dinləyib, onların nə ilə maraqlandığını öyrəndikdən sonra həmin maraqlara uyğun olaraq onların qarşısına reklamlar çıxarır.
“Mobil telefon istifadəçiləri bəzən şahidi olur ki, məsələn: dostuyla pişik yemi barədə danışdıqdan bir müddət sonra sosial şəbəkələrdə qarşısına pişik yemi reklamı çıxır. İstifadəçilər başqaları tərəfindən dinlənildiklərini iddia edirlər. Lakin böyük platformalar istifadəçilərin əlində heç bir sübut olmadığından bu məlumatın əsassız olduğunu bildirir, şər-böhtan kimi dəyərləndirirlər. Sırf bu səbəbdən məsələ müəmmalı olaraq qalır. Yəni istifadəçi danışdığına uyğun reklamla qarşılaşır, öz gözüylə bunun şahidi olur. Ancaq bunu faktiki olaraq, sübuta yetirmək üçün isə xüsusi kodları axtarıb tapmaq lazımdır. Kodlar isə təbii ki, məxfidir.”
Mübariz ZƏKİ