“Əqrəb mövsümü”nün səs-küyündən sonra rejissoru Emil Quliyev bir neçə gün öncə “Facebook” profilində etiraz dalğalı bir status paylaşmışdı: “”Əqrəb Mövsümü”-nün fonunda bir qədər diqqətsiz qalan, lakin, zənnimcə, heç də o serialda geri qalmayan “Körpü” serialımızı da yutubdan izləyə bilərsiniz. Bəyəndiyiniz halda dostlarınıza da məsləhət edin”.
Əslində bu status yerli seriallarımızdakı mövzu qıtlığını tənqid edənlərə, rejissorların “bizim tamaşaçı ailə-məişət mövzusuna üstünlük verir” cavabının təsdiqi, bir növ məlumun etirafı idi.
“Körpü” mini serialı – bəzilərinə görə çoxserialı bədii film mövzu baxımından ənənəvi işlərdən fərqlənir. Belə ki, serialın baş qəhrəmanı Mamed borc-xərc içində itib batan, pullarını qumarda uduzan, şəxsi həyatında problemləri olan aktyordur. Nofəl Şahlaroğlunun canlandırdığı Mamed aktyor kimi də öz işini sevmir. Çünki o, pul üçün çoxserialı bir filmdə, məzmunsuz rolu ifa etmək məcburiyyətindədir. Mamedin əlinə təsadüfən mistik bir təsbeh düşür. Təsbeh onun bu dünyada ilişib qalan ruhlarla qarşılaşmasına səbəb olur. Mamedə pul qarşılığında bəzi səbəblərdən o biri dünyaya gedə bilməyən ruhların problemlərini həll edərək, körpüdən keçməklərinə kömək etməyi işi tapşırılır. Serialın adı da məhz bu körpüdən gəlir. Bundan sonra klassik ssenari qəliblərinə əsasən o, ilk olaraq işdən imtina edir, daha sonra isə razılaşır və Mamedin katarsisi başlayır.
Maraqlıdır ki, Mamed öz rolu ilə Azərbaycan seriallarındakı məzmun və keyfiyyət problemlərini tez-tez qabardır. Belə ki, çəkildiyi “Ana qucağı” serialında yaşananlarla biz serial sənayesinin hazırki vəziyyətinə şahid oluruq. Ancaq Nofəl Şahlaroğlu buna o qədər aludə olur ki, bəzən sanki “Körpü” serialına da eyni formada yuxarıdan aşağı baxır. İki serial arasındakı fərqi unudur və “Körpü”də də özünü “Ana qucağı”ndakı kimi hesab edir. Öz rolundan çıxır.
Mənim üçün burada ən böyük tapıntı Səmimi Fərhadın aktyor oyunu oldu. Belə ki, Səmimi Fərhadın bir neçə filminə baxmışdım və düzü orada ümumi ab-havanın içərisində fərqlənmir, elə o, bozluğun bir parçası kimi görünürdü. Ancaq “Körpü”də Səmimi Fərhad tam olaraq Səməd obrazının öhdəsindən gəlir. Geyim seçimi və aktyorluğu onu tamamlayır və həqiqətən bizə körpünün bu tərəfindəki ruhu verə bilir.
Eyni formada ruhlardan digərini oynayan Cavad Nur Rövşən obrazı ilə öz rolunun öhdəsindən həddindən artıq yaxşı gəlir. Elə problem də məhz bu yaxşı oynamaqdadır. Belə ki, seriala baxdıqca görünür ki, o, rejissorun verdiyi obrazı olduğu kimi bizə çatdırır. Yəqin ki, Emil Quliyev üçün işləməyi ən rahat aktyorlardan biri də məhz Cavad Nur olub. Ancaq aktyor işi istehsalat deyil ki, hər şey düsturda olduğu kimi verilsin. Obrazı koloritli edən məhz onun daxili dünyasını obraza əks etdirməsi olur.
Jalə obrazını canlandıran Nuridə Musabəyovada da eyni hala rast gəlinir. Sadəcə filmin sonunda onun insan olduğunu, ancaq Mameddən özünü gizlətmək üçün ruhu oynadığını nəzərə alsaq, onun bu cür oyununa hardasa haqq qazandırmaq olar.
Serialda Mamed bu dünyada ilişib qalan ruhlarla tanış olduqca, onların həyat hekayələrinə səyahət edir. Maraqlıdır ki, serialın bütün ssenarisi yazıldıqdan sonra, sanki ruhlara hekayələr yazıblar. Bəlkə də, İTV-nin xüsusi tələbi olub ki, sosial mövzular qabardılsın. Ancaq biz ruhların hekayələri ilə bədii filmin ortasında sanki sosial çarx izləyirik. Bu hekayələr serialın dramaturji ağırlığına demək olar ki, uyğun gəlmir.
Yenə də bəzi hekayələr var ki, digərlərindən fərqlənir. Məsələn, 4-cü seriyada qadın ərinin ehtiraslı rəqsini çəkir və səhvən bu internetdə yayılır. Bu bölümdə Nurlan Rüstəmovun oyunu və mövzunun aktual olması – bu tandem bizə hekayəni duymağa kömək edir.
Azərbaycan seriallarının və Emil Quliyevin ortaq şakəri varlılar həmişə pisdir aksioması “Körpü”də də davam edir. İlk olaraq Mamed sevgilisi Səbinənin atası ilə görüşə gedir və burada o ki, var təhqir olunur. Mamed iki qız – Jalə və Səbinə arasında seçim etmək məcburiyyətində qalır. Qaydaya görə Mamed artıq öz katarsisini başa vurmaq üzrə olmalı, könül xoşluğu ilə Səbinədən imtina etməliydi. Ancaq onun buna gücü çatmır. Ssenaristlər Süleyman obrazı vasitəsilə Səbinənin ona xəyanət etdiyini qulağına pıçıldayırlar və Mamed rahat formada Jalənin yanına qayıdır.
“Körpü” serialında Emil Quliyevin digər işlərindəki kimi qadınlar yan obrazlarda, ümumi sujet xəttindən çox obraza xidmət edirlər.
“Körpü” serialı bütün səhvləri ilə yanaşı produserlərə Azərbaycan film bazarında intellektual kütlənin də öz çəkisinin olduğunu xatırladan və sübut etdi.