Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdən sonra yayılan bir foto sosial şəbəkələrdə trendə çevrildi.

Fotoda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan prezidenti İlham Əliyevin üzləri olduqca sevincli, məğrurdur. İlham Əliyev yumruq sıxıb, bir qalibiyyət jesti var.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Sosial Tədqiqatlar Mərkəzinə bu fotonun çəkildiyi anla bağlı danışıb:

“Fotoda Azərbaycan prezidenti son dərəcədə müsbət əhvaldadır. Azərbaycanın uğurları, milli ruhla mücadiləni davam etdirməsi, hər gün yeni əraziləri azad etməsidir onun bu sevincinə səbəb. Özü də 24 saat yatmadan bütün prosesləri izləyir. Bizim Xarici İşlər naziriylə ikilikdə görüşdükdən sonra birlikdə çıxdılar. Prezident İlham Əliyev qapıya qədər gəldi. Mən ona ən qısa zamanda inşallah hər şeyin yaxşı olacağını, Qarabağın azad ediləcəyini bildirdim. İlham Əliyev tezliklə Qarabağa Azərbaycan bayrağını bizim prezidentimizlə birlikdə sancacaqlarını ifadə etdi”.

Şamil Ayırım Qarabağdan dünyaya mesajlarının nə olacağını da dilə gətirib:

“Bildiririk ki, bura bizim öz coğrafiyamız, tarixi Azərbaycan torpaqlarıdır. Bütün dünyaya bunun yayılmasını istəyirik. Biz bu torpaqlarda sülhün, sabitliyin hakim olmasını istəyirik. Əlinizi buradan çəkin! Buraxın insanlar dostcasına yaşasınlar, qonşuluq əlaqələrini inkişaf etdirsinlər”.