Sosial şəbəkədə tanış olaraq münasibət qurmaq yeni dövrün trendinə çevrilib.  “Ciddi_evlilik_yeni”, “evlilik_dostluq_tanışlıq” kimi səhifələr də var. Bununla kifayətlənməyib ayrıca mesaj yazaraq tanış olanlara da rast gəlinir. Bəs onların münasibəti ciddiləşə bilərmi? Görəsən insanların sosial şəbəkədən olan tanışlığa münasibəti necədir?

BİLGİSEL.AZ Bakı sakinləri arasında sorğu keçirib.

Məryəm Məmmədzadə:

– Tanışlıq olur. Ciddi evliliyə də gedə bilər. Amma hər zaman da belə olmur.

Kamran Rəcəbov:

– Sosial şəbəkədə istər sevgili, istər dostluq olsun. O heç nə demək deyil. O internetin qarşısındadır və internetdə də qurtarır. Biri var sən internetlə kimləsə tanış olub dost olursan, sonra bir yerdə görüşürsən. Beləcə yaxınlaşırsınız. Bu ayrı bir mövzudur. O artıq həyatda sənin dostun olur. Amma internetdə sevgili olmağa pis baxıram.

Həqiqət Məlikova:

– Yaxşı baxıram. Münasibət ciddiləşə bilər. Mənim tanışlarımdan sosial şəbəkədən tanış olaraq evlənən də var.

İsmayıl Əliyev:

– Sosial şəbəkədə dost tapmaq, münasibət qurmaq yaxşıdır. Əgər doğrudan da o qarşısındakını həqiqətən sevsə, həyat yoldaşı ola bilər.

Məşədi Həsənov:

-Sosial şəbəkələrdə tanışlıq ola bilər və tam ciddi bir yolda tuta bilər. Əsas niyyəti təmiz və saf olsun.

İradə Zamanova:

– Sözsüz ki, yaxşı alınanlar var. Amma mən yaxşı baxmıram. Mən qəbul etmərəm. İstəmərəm ki, oğlum sosial şəbəkədən tanış olduğu ilə evlənsin.

Rəhman Məmmədov:

– Sosial şəbəkə ilə tanış olmaqda pis bir şey yoxdur. Yaxşı baxıram. Sadəcə  kimisə görməmiş, elə də tanımamış necə münasibət qurmaq olar ki? Ona görə ciddi münasibətə razı deyiləm.

Gültac Abdullayeva:

– Münasibətim normaldır. Orda tanış olub xoşbəxt ailə quranları görmüşəm.

Toğrul Quliyev:

– Ümumiyyətlə sosial şəbəkədən tanışlığın əleyhinəyəm. Hər zaman müsbət alınmır. Bəzən istər  sosial şəbəkədən, istər televiziyadan qarşı tərəflərdən birinin istifadə etməsinin şahidi olmuşuq. Bu böyük faciəyə səbəb olur.

Fatimə Xəlilova:

– Müasir günümüzdə gənclər bu münasibətə daha normal baxır, amma keçmişin adamları daha pis gözlə baxır. Deyəcəklər ki, sosial şəbəkədən olan evlilik nə evlilik olacaq kimi sözlər işlədilir.

Murad Əliyev:

– Belə ki, internet kəsilən kimi onlar da gedib boşanır. İnternet nə qədər varsa, onlar da evlidir. Düşünürəm, daha çox valideyn seçimi ilə hərəkət etsələr, daha yaxşı olar. Öz yoldaşımı belə anam seçib və çox xoşbəxtəm.

Rikarda Kərimova:

– Neytral baxıram. Çox vaxt ciddi ola bilər. Əgər bir müddət danışırlarsa, bir-birlərinə güvənirlərsə, dürüstdürlərsə ciddi ola bilər.

Mənsurə Quliyeva:

– Sevməyi, hiss etməyi nə zəngdə, nə görüntüdə, nə yazışmada görmək olur. İnsan insanı o dərinliyi ilə tanımaq olmaz. Hətta bir ömür belə yaşadığımız insanı tanımaqda belə çətinlik çəkiriksə, əlbəttə ki, canlı şəkildə tanışlığa üstünlük verərdim.

Murad Aslanov:

– Tanışlıqlar mümkündür. Amma ortada güvən faktoru var. Bunlarda zamanla düzələ bilən bir şeydir. Lakin sosial həyatdakı kimi tam effektli olmur. Eyni zamanda sosial şəbəkədən tanış olub münasibətlərinin mükəmməlləşdirən milyonlarla insan var.

Nigar Mövsumova:

– Sosial şəbəkən tanışlıq cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkədən tanış olub ailə quran xoşbəxt cütlük də olur. Bunun tam əksi olan da olur. Mən sosial şəbəkədən tanış olan cütlüyü ciddi qarşılamıram. Bu kimi təklifi heç vaxt dəyərləndirmirəm.

Fatma Möhsümlü:

– Münasibətim ortadır. Bəzi şəxsin  münasibəti yarımçıq qalır, bəzi şəxslərinki isə evliliyə qədər davam edir.

Aytən Ağaliyeva:

– Yaxşı baxmıram. Evlənmək problemlidir. Bilmək olmur ki, bəlkə evlidir, səni aldadır, yalan danışır, yalan vəd verir. Bunu həm kişi, həm də qadın edir. Qadın daha çox pulundan istifadəyə görə də edə bilər.

Ruslan Abbas:

– Mənə elə gəlir ki, bunun heç bir fərqi yoxdur. Sosial şəbəkədən tanıdığımız insanlar belə bizim həyatdan tanıdığımız insanlardı. Əsas odur ki, düzgün insanlarla münasibət quraq.

Fidan Kazımova:

– Haradan tanış olmağın heç bir fərqi yoxdur. Əsas odur, bir-birlərini başa düşsün, güzəştə getməyi bacarsın. Mənim internet üzrə tanışlığa münasibətim çox yaxşıdır

Vüqar Məmmədzadə:

– 21-ci əsrdəyik. Normal qarşılayıram. Sadəcə insanın vicdanı təmiz olandan sonra, qeyrəti, namusu yerində olandan sonra normaldır. Real həyatda tanıdığınız insandan elə bir hərəkət görərsən ki, sosial şəbəkədən tanış olduğunuz insan ondan normal qat-qat yaxşı ola bilər.

Sorğuda 9 kişi, 11 qadın olmaqla 20 nəfər iştirak edib. Resposdentlərin 8-i internet tanışlığına müsbət, 8-i isə mənfi yanaşdığını bildirib. 4 nəfər isə neytral mövqedə qalıb.

Bəyim İsmayıl