Koronavirus pandemiyası artıq aylardır ki, dünyanı öz cənginə alıb. Virusun geniş və sürətlə yayılması, yoluxma və ölüm hallarının kəskin artması dünyada həyatı, demək olar ki, iflic edib. Virusun yayılması fonunda onun qarşısının müəyyən qədər alınması üçün yeganə çıxış yolu karantin rejimi idi ki, Azərbaycanda da bu rejim tətbiq olundu.

Ölkədə karantin rejiminin tətbiq olunması ilə insanlar evdə qalmaq, günün əksər hisslərini küçəyə çıxmamaq, digər insanlarla təmasda olmamaq və s. bu kimi məcburiyyətlərlə üzləşdilər. Bu, hər şeydən əlavə insanların psixologiyasına da öz təsirini göstərir. Daha çox uşaqlarda, yaşlılarda, müxtəlif xəstəliyi olan insanlarda evdə – qapalı məkanda uzun müddət qalmağın mənfi tərəfləri daha çox özünü büruzə verə bilər.

Pandemiya dövründə ər-arvad arasındakı konflikitlər artıb

Psixoloq Elnarə İsazadə

Psixoloq: Elnarə İsazadə

Koronavirus pandemiyası, karantin dövrü insanların psixoloji durumuna necə təsir edir? İnsanların uzun müddət evdə qalması, bir-biri ilə az təmasda olması nələrə gətirib çıxara bilər? Bu kimi suallara cavab tapmaq üçün Psixoloq Elnarə İsazadə fikirlərini Bilgisel.az saytı ilə bölüşdü:

“Pandemiya zamanı baş verən hadisələr bizə bunu deməyə əsas verir ki, nəinki, Azərbaycan, hətta inkişaf etmiş dünya ölkələri də bu duruma psixoloji cəhətdən hazır deyildilər. Karantin rejimi elan ediləndə ilk ay ərzində insanların psixologiyasına mənfi təsirlər daha çox idi. Bunun da başlıca səbəbi COVID-19 pandemiyası ilə bağlı məlumatsızlıq, bu virusun dəqiq diaqnozunun olmaması, qeyri – müəyyənlik, bu durumun nə zaman bitəcəyi ilə bağlı konkret fikrin olmaması insanlarda xüsusi psixoloji gərginliyin yaranmasına gətirib çıxardı. Gərginliyin böyük qismi isə COVID-19 pandemiyası ilə bağlı müxtəlif, hətta bir-birini təkzib edən fikirlərin olması idi. Bildiyimiz kimi bir sıra yalan, əsassız, təşviş yaradan xəbərlər daha çox sosial şəbəkələr vasitəsi ilə insanlara ötürülürdü. Bu da insanlarda psixoloji gərginliyin, təşvişin, stressin, daha çox artmasına səbəb olurdu.
Karantin dövründə daha çox orta və yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşvişlər yarandı, yeniyetmə və tələbələrdə vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası olunduqları üçün stress, depressiya halları artdı, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün aqressiv davranışları formalaşdırmağa başladı.
Karantin dövründə ailə münasibətlərində, valideyn-övlad əlaqələrində də müəyyən dəyişikliklər oldu. Ər-arvad münasibətlərində konfliktlərin sayı artmağa başladı. Bir sıra ölkələrdə, hətta boşanma hadisləri də çoxalmağa başladı. Tədris müəssisələrinin bağlanması, sərt karantin rejimi ilə əlaqədar valideyn-övlad münasibətlərinə də öz təsirini göstərməyə başladı. Bir çox valideynlər uşaqları ilə davamlı vaxt keçirməkdən yorulduqlarını da sosial şəbəkələrdə qeyd etməyə başladılar. Lakin daima iş həyatında olub, ailəsinə yetərincə zaman ayıra bilməyən insanlar, bu durumdan istifadə edərək, ailəsi ilə, daha çox şən, əyləncə dolu maraqlı anlar keçirtməyə başladılar. Məsələn, yeməklərin birlikdə yeyilməsi, hər hansı televiziya proqramı və ya filmin birlikdə izlənilməsi, ev işlərində – təmizlik işlərində bir-birinə yardım edilməsi kimi tədbirlər ailədə hər kəsin eyni psixoloji tezliyə gəlməsinə, ortaq duyğu və emosiyalar ifadə etməsinə, dolayısıyla ailə bağlarının möhkəmlənməsinə səbəb oldu.”

İnanlar hələ uzun müddət virus qorxusu ilə yaşayacaq

Karantindən sonrada insanlarda virus qorxusu davam edəcək.

Karantindən Sonra İnsanlarda Hələdə Davam Edəcək Olan Virus Qorxusu

Psixoloq karantin dövründən sonra insanların əvvəlki həyatlarına qayıtmaq prosesini belə izah edib:

“Hazırda aktual suallardan biri ondan ibarətdir ki, karantindən sonrakı vəziyyət necə olacaq? İnsanlar yenidən normal həyatlarına qayıda biləcəklərmi? Karantin bitəndən sonra insanların psixoloji durumunda hansı dəyişikliklər baş verəcək?
Əlbəttə ki, gərginlik müxtəlif formada özünü göstərərək bir müddət davam edəcək. Müəyyən müddət ərzində bu təsirlər təkcə psixoloji baxımdan deyil, eyni zamanda müxtəlif istiqamətlərdə də özünü göstərəcək. Pandemiyadan sonrakı dövrdə posttravmatik stress pozuntusu da artacaq. İnsanlar hələ uzun müddət virus qorxusu ilə yaşayacaq, virusun təkrar yayıla biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər də yaşaya bilərlər.
Psixoloji təsir insanlarası münasibətlərdə də mənfi rol oynayacaq. Bu da öz növbəsində insanların bir – birləri ilə ünsiyyət qurmalarında əksini tapacaq. Hazırda gərginliyi azaltmaq üçün təyin olunmuş müdafiə mexanizmlərindən istifadə etsələr, sosial məsafənin gündəlik həyatda qorunması, dezinfeksiya tədbirləri, gigiyena qaydalarına riayət etsələr, dezinformasiyalardan maksimum dərəcədə uzaq durmağa çalışsalar təşvişdən uzaqlaşa, postpandemiya dövrünə özlərini psixoloji olaraq hazırlaya bilərlər.”

Aydın Nuri