“90-cı illərdə Ermənistanın Qarabağa hücumlarında Qarabağa yaxın bölgələr savaşın ağırlığını öz çiyinlərində daşıyıblar. Bir tərəfdən məcburi köçkünlərin həmin ərazilərdə daha çox yerləşdirilməsi, humanitar ağırlıq, digər tərəfdən savaşın episentrində olmaq bu bölgələri xüsusi həssas ərazilərə çevirdi”.
Bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc Bərdədə Qarabağ qazilərinin bir qrupu ilə keçirilən görüş zamanı səsləndirib.
Bildirib ki, Bərdə əhalisi hər zaman fədakarlıqla, igidliklə hər iki Qarabağ Müharibəsinə böyük töhfələr verib, 100 min dən artıq məcburi köçkünü öz qoynunda saxlayan Bərdə camaatı İkinci Qarabağ Müharibəsində də böyük fədakarlıqlar edib.
Zahid Orucla görüşdə ilk növbədə Vətən Müharibəsindəki qələbədən bəhs olunub, qələbənin tarixi önəmindən danışıllıb, ayrı-ayrı döyüşçülərin igidliklərindən söz açılıb. Vurğulanıb ki, ki, dövlətimiz tərəfindən icra hakimiyyətlərində yaradılan qazilər və şəhid ailələri ilə iş şöbələrinə məhz qazilərin təyin olunmağı dövlətin Vətən Müharibəsi iştirakçılarını siyasi idarəetmə komandasının tərkib hissəsi kimi qəbul etməyinin göstəricisidir. Görüşdə həmçinin müharibə iştirakçılarının sosial, məişət, tibbi problemlərinə toxunulub. Əksər çıxış edənlər müalicə müəssisələrində müalicələri yarımçıq qalan, səhhətlərində problem olan qazilərin millət vəkili tərəfindən diqqətə götürülməsini istəyiblər. Qərara alınıb ki, bu tip görüşlərin mütəmadi qrafiki hazırlanmalıdır.
Qeyd olunub ki, dövlət rəhbərliyinin, Ali Baş Komandanın şəhidlərimizə, qazilərimizə olan ehtiramı sübut edir ki, bu hər bir hakimiyyət orqanı təmsilçisi üçün tələb olunan önəmli məsələdir.
Qarşıdakı dövrdə müxtəlif təşkilati formatların yaradılması da məqsədəuyğun hesab edilib. Bərdənin savaşda mülki itkilərinin də digər bölgələrdən daha çox olduğunu nəzərə alaraq bu qəhrəman şəhərin adının, statusunun olmağı məsələsi gündəmə gətirilib. Millət vəkili Zahid Oruc qaldırılan məsələlərin hər birini müvafiq orqanlara yönəldiləcəyini bildirib.
O, qeyd edib ki, icra hakimiyyətləri də lazımi addımlar atmalı, qazilərlə, şəhid ailələri ilə daimi görüşlər keçirməlidir.
Xatırladaq ki, Bərdə 50-dən artıq hərbi şəhid verib, 30-dan artıq mülki itkiləri olub, erməni vandalizminin həmişə hədəfinə çevrilib. Bərdə hər zaman qəhrəman övladlar yetişdirib. Təhsil, ədəbiyyat, mədəniyyət sahəsində də Bərdə camaatının gördüyü işlərin sistemli qiymətləndirilməsi üçün bundan sonra da işlər görüləcək.