COVİD-19 bir çox sahələrə olduğu kimi, iş mühitinə də təsirsiz ötüşməyib. Yeni iş sistemləri formalaşmağa başlayıb. Qurumların yarıdan çoxu COVID-19 sayəsində rəqəmsal çevrilişə keçidini sürətləndirib. Bu müddətdə inkişaf etmiş texnologiyanın olmaması və işçilərin dəyişməyə müqaviməti kimi maneələr tədricən aradan qalxır.

IBM İş Dəyərləri İnstitutu (Business Values Institute) tərəfindən 20 ölkədən və 22 sektordan 3800-dən çox idarəçinin iştirakı ilə aparılan “COVID-19 və İş Dünyasının Gələcəyi” araşdırması təəccüblü nəticələr ortaya qoyub.

COVID-19 səbəbindən on qurumdan demək olar ki, altısı rəqəmsal çevrilişə keçidlərini sürətləndirdiklərini bildiriblər. Araşdırmada iştirak edən idarəçilərin 66 %-i COVID-19 dövründə əvvəllər müqavimət göstərilən yenilikləri uğurla tamamlaya bildiklərini ifadə ediblər.

Araşdırmaya qatılan qurumlar rəqəmsal sistemə keçiddə insan faktorunun mühüm rolunu daha aydın gördüklərini dilə gətiriblər. Liderlər önümüzdəki iki ildə öhdəsindən gəlinməli olan problemlərin təşkilatçılıqla bağlı qarışıqlıq, qeyri-adekvat bacarıqlar və işçilərin tükənməsi olduğunu bildiriblər.

Araşdırma şirkətlərin bu problemləri nə qədər effektiv aradan qaldırmaqları ilə bağlı rəhbərlər və işçilər arasında nəzərə çarpacaq fikir ayrılığı olduğunu da ortaya qoyub. İştirak edən idarəçilərin 74%-i işçilərinə yeni iş düzəniylə bağlı kömək olduqlarını ifadə ediblər. İşçilərin isə 38%-i bu fikrə qatılıblar. Rəhbər iştirakçıların 80%-i işçilərin fiziki və psixoloji sağlamlıqlarını dəstəklədiklərini bildirsələr də, qatılan işçilərin yalnız 46%-i bu dəstəyi hiss etdiklərini qeyd ediblər.
Koronavirusla bağlı davam edən böhran bizneslərin dəyişikliyə açıq şəkildə qurulmasının nə qədər vacib olduğunu ortaya qoyub. Bu dövrdə çox sayda rəhbərlər yeni tələblərlə, uzaqdan işləyən işçiləri dəstəkləməklə bağlı yeni çətinliklərlə, xərcləri azaltmaq ehtiyacı ilə üzləşiblər.

Bu araşdırma eyni zamanda şirkətlərin çoxunun quruluş strategiyalarında qalıcı dəyişikliklərə getdiyini üzə çıxarıb. Məsələn, idarəçilərin 94%-i 2022-ci ilə qədər platforma əsaslı iş modellərinə qatılmağı planlaşdırırlar. Bir çox rəhbər şəxslər isə ekosistemlərdə və ortaq şəbəkələrdə iştiraklarını artıracaqlarını bildiriblər.
COVID-19 bir çox qurumun əsas əməliyyatlarının mərkəzində dayanan kritik iş axınlarını və müddətlərini pozub. Araşdırmaya qatılan idarəçilər iş axınlarına daha ağıllı, daha sürətli cavab verə bilən və təhlükəsiz hala gətirməyə yardım edəcək süni intellekt, avtomatlaşdırma və kibertəhlükəsizlik kimi texnologiyalara verilən üstünlüklərini artırıblar.
Dolayısıyla, önümüzdəki iki il üçün gözləntilər də dəyişir. Süni intellektə verilən üstünlüyün 20% artacağı təxmin edilir. Araşdırmaya qatılan rəhbərlərin 60%-i bu müddəti sürətləndirdiklərini ifadə ediblər. Onların 76%-i kibertəhlükəsizliyə üstünlük verməyi planlaşdırırlar.

İşçilər idarəçilərdən nə gözləyirlər?

Araşdırma ofisdən kənarda işləyib stress və qeyri-müəyyənliklərlə mübarizə aparan işçilərə yeni davranış şəkillərinin önəmli olduğunu üzə çıxarıb. Pandemiya dövründə işçilərin rəhbərlərdən gözləntiləri dəyişib. Artıq onlar idarəçilərdən həm fiziki, həm də duyğusal sağlamlıqlarını, həm də yeni iş formalarında ehtiyac duyduqları bacarıqları aktiv şəkildə dəstəkləməklərini istəyirlər.

İBM bu baxımdan idarəçilərə hər cəhətdən işçilərin rifahını üstün tutaraq, onlara daha çox diqqət ayırmalarını tövsiyə edir. Cari dövrdə işçiləri şəxsi məsuliyyətə cəlb edən, dizayn yönümlü düşüncə, çeviklik prinsipləri, DevOps alətləri və texnikalarını tətbiq edən, özlərini idarə edən komanda olaraq işçilərini dəstəkləyən və onlarla həmrəy olan liderlər bir addım öndə olacaqlar.
Bu dövrdə işçiləri şəxsi məsuliyyətə təşviq edən, dizayn yönümlü düşüncə, çeviklik prinsipləri, DevOps alətləri və texnikalarını tətbiq edən, özü-özünü idarə edən komandalar halında çalışmalarını dəstəkləyən, empatiya qura bilən liderlər uğur qazanacaq. Bundan əlavə, davamlı öyrənmək mədəniyyətini təşviq etmək, tamamlanmış və çoxfunksiyalı bacarıq inkişaf modellərini mənimsəmək də qurumların üzərinə düşən başlıca vəzifələr arasındadır.

“İBM Sevices” vitse-prezident köməkçisi Mark Foster COVİD-19-un rəqəmsal çevrilişin qarşısında duran maneləri dağıtdığına inandığını bildirib: “Sürətlənən çevriliş nəticəsində liderlər də apardıqları əməliyyatların kritik nöqtələri üçün texnologiyaya daha çox güvənirlər. Ancaq gələcəyi düşünsək, rəhbərlər həm işçilərini, həm də iş planlarını zəmanət altına alan texnologiya infrastrukturuna əvvəlkindən iki dəfə artıq diqqət yetirməlidirlər”.