22 iyul bu günü bayram olaraq qeyd etməyimizə səbəb kim?, kimlər?, və nə? oldu.
Bu günün ən böyük səbəkarı Həsən bəy Zərdabidir. 1865-ci ildə qəbul olunmuş Senzura haqqında qanundan sonra mətbu orqan yaratmaq, həm də Ana dilində bu çox çətin iş idi. Zərdabi isə bunu bacardı.

Qəzeti yaratmaqla bağlı aldığı icazədən danışan Zərdabi deyirdi ki, “Mən ona ( D.S Staroselskiyə) fərzimi deyəndən sonra məsləhət gördü ki, adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorlar qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım”.  Və 1875-ci il 22 iyulda Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bununlada milli mətbuatın əsası qoyuldu.
“Əkinçi”nin fəaliyyəti yalnız 2 il çəkir. Onun 56 sayı işıq üzü görür. Bu qəzetdə ” Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, ” Təzə xəbərlər” rubrikaları adı altında məqalələr dərc olunurdu. “Əkinçi”də Məhəmməd Tağı Sidqinin, Nəcəf bəy Vəzirovun, S.M. Qənizadənin də yazıları dərc olunurdu. Bu şəxsiyyətlərin də Əkinçinin inkişafında böyük rolu olub.

Əkinçilər

Mirzə Fətəli Axundzadə “Əkinçi”nin nəşrini ilk alqışlayan adam idi. Axundzadə
“Vəkili-milləti-naməlum” imzasıyla qəzetdə dərc olunan ictimai-siyasi yazılara fikir bildirir, bu haqda məktublar yazırdı. “Əkinçi”də Aşura günündə insanların baş yarıb,özünə xəsarət yetirməsi haqqında açılan polemikada Axundzadə “Əkinçi” ilə mütərrəqi cəbəhədə dayanıb və cahilpərəstləri kəskin tənqid edirdi.
Seyid Əzim Şirvani “Əkinçi”nin yaranmasını ruhu təzələyən səhərə bənzədir və ana dilli bu qəzetin inkişafında müstəsna rol oynayır. Onun “Əkinçi”yə həsr etdiyi şeirlərindən bilinirdi ki, o bu mətbuat orqanını yüksək dəyərləndirir. O,”Əkinçi”dən yararlanmaq üçün xalqa müraciət şeiri də yazıb:

Neçə müddətdir ki, Həsən bəyi zar.
Hüsni-tədbir ilə o fəxri -kibar
Öz qədimi misalımızda haman,
Qəzetə çapını edib ünvan.
İzn hasil qılıbdır dövlətdən,
Biz gərək dəm vuraq səadətdən
Özünə gərçi yoxdur faidəsi,
Leyk var, xəlqə feyzi-zaidəsi.

Nəcəf bəy Vəzirov da “Əkinçi”nin mövzu genişliyinin yaranmasında və inkişafında mühüm rol oynayıb. Onun “Əkinçi”də dərc olunan “Bənd məxsusi” məqaləsində deyilirdi: “Hərdən tənha oturub fikir edirəm xudavəndə, bizim axırımız necə olacaq? Əqlimiz ata-baba əqli, getdiyimiz ata-baba yolu, heç bir dəyişiklik yoxdur.Ata babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub,qurşaq tutdurub,dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb,günlərin keçirdib,biz də ki, bu yolu gedirik,tələf olacacağıq”. Bəli, Vəzirov deyirdi ki, ” İnsan bir şeyə adət edəndə onun yamanlığını bilməz”. Nəcəf bəy sabit qalmağın əleyhinə idi. O daim yaxşı mənada dəyişiklik və inkişaf tərafdarı olub. Öz yazılarında da bunu çatdırıb.

Əsgər ağa Gorani Həsən bəy Zərdabinin şagirdi olub. Onun “Əkinçi”də 40-dək yazısı çap olunub. Əsgər ağa Gorani daha çox təzə xəbərlər yazıb. O baş verən hadisələri öz süzgəcindən keçirdərək “Əkinçi”də dərc etdirirdi. Elmi xəbərlər və Məktubat şöbəsində Ə.Goraninin yazıları daha çox çıxırdı. Goranin “Əkinçi”də çıxan ilk yazısı Pterburq padişahlıq kitabxanası haqqında olub. Eyni zamanda Ə.Gorani rusca maraqlı olan məqalələri də tərcümə edib “Əkinçi”yə göndərirdi.

Milli Mətbuatın Görünməz Qəhrəmanları

Şəkildə Həsənbəy Zərdabinin Əsgər Gorani

Hacı Məmmədsadıq Əhsnül-Qəvaid ləqəbi ilə yazılar yazır və “Əkinçi”nin yaradıcılıq işlərində Zərdabiyə yaxından kömək edirdi. O, Məktubat şöbəsində yazdığı yazılarında dini təhsildə olan problemləri dilə gətirir və mövhumatçılığı tənqid edirdi. Onun “Əkinçi”nin 18 sayında 21 məqaləsi çıxıb.

Ələkbər Heydəri “Əkinçi”ni inkişaf etdirənlərdən biri olub. Onun qəzetdə dərc olunan yazısı məktəblərdə dini dərslərlə yanaşı, dünyəvi dərslərin də keçilməsi idi ki, bu da kifayət qədər ciddi polemika doğurdu.
Bunlardan başqa “Əkinçi”də Məmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə,Məmnun Əlqədari, Ələkbər Elmizadə kimi şəxlsərin də məqalələri dərc olunub.

Hər birimiz “Əkinçi” davamçısı olaq, mübarizəmiz güclü olsun! Adımız Əkinçi olsun, amma gündən günə inkişaf edən əkinçilər olmalıyıq!

Aytəkin Cəlali