Son günlər sosial şəbəkələrdə məktəblərdə rus dili bölməsinin ləğviylə bağlı müxtəlif müzakirələr aparılır. İnsanların bu mövzuya yanaşması fərqlidir. Onların arasında rus bölməsinin ləğvini istəyənlər də, bunun əleyhinə çıxanlar da yetərincədir.
Bilgisel.az da sosial şəbəkədə məktəblərdə rus dili bölməsinin ləğv edilməsi təklifiylə bağlı sorğu aparıb, fikirləri, mövqeləri öyrənib.
Əsəd Aslanoğlu: “Əgər söhbət sadəcə rus dilindən gedirsə, burada problem yoxdur. Necə ki, ingilis dili tədris olunur. Amma bir gerçəkliyi də inkar edə bilmərik ki, rus sektorlardan rus dilindən daha çox, rus mədəniyyətinə, rus düşüncəsinə meyilli uşaqlar çıxır. Təbii ki, istisnalar da az deyil. Qısası, əgər sadəcə dildirsə, problem görmürəm, amma ortada milli şüurun zədələnməsi məsələsi varsa (bu açıq şəkildə görünür), bu, düzəldilməlidir. Amma indiki halda bunun düzələcəyinə inanmıram”.
Gülər Əhmədova: “Düşünürəm ki, uşaqların rus dilini öyrənmələri baxımından mənfi təsir edə bilər. Həm də rus dillərində çox maraqlı elmli kitablar var. Əgər uşaqlar kurslarda öyrənməyə başlasalar, çətinlik yaranacaq. Ləğv olunmağına gəldikdə isə Azərbaycan dilindən çox az hallarda istifadə edirlər, yolda, avtobusda, küçədə – hər yerdə rus dilində danışırlar. İnsanda qıcıq oyanır. Öz dilimizi sevmək və onu qorumaq şərtilə ləğv etməsinlər”.
Elvin İbadov: “Məktəblərdə rus dili bölməsinin ləğvinin nə Azərbaycana, nə də Azərbaycan dilinə bir faydası olmayacaq. Biri çıxıb bir “hay” qaldırır, hamıda “hey” deyir”.
Mehman Ələkbərov: “Qətiyyən razı deyiləm. İngilis dili ilə paralel olaraq hər iki dil ciddi şəkildə tədris olunmalıdır”.
İlahə Cəfərova: “Məncə, öz dillərini unutmamalıdırlar, yoxsa dil bilmək pis deyil”.
Riyad Məhərrəmov: “Əksinə, hətta ingilis dilli məktəblər açmaq da, düşünülə bilər”.
Nadir Abbasov: “Ləğv edilsə yaxşıdır. Bu ölkə artıq çıxmalıdır Sovet təsirindən”.
Nura Suri: “Axı, rus dili bilmək qəbahət deyil”
Mövzuyla bağlı müğənni Nura Suri də fikirlərini saytımızla bölüşüb:
“Mən başa düşə bilmirəm nəyə görə rus dili bölmələrinin ləğv edilməsini kimsə istəyir. Əslində problem xarici dil bilməməkdir. Xarici dilləri bilməyin burada heç bir mənfi tərəfi yoxdur. Yəni mən tapa bilmirəm onun mənfi tərəfini. Bilmirəm, bu, niyə kimlərisə narahat edir. Düşünürəm ki, ana dilini hər kəs yaxşı bilməlidir. Azərbaycan vətandaşları, Azərbaycanda yaşayan insanlar Azərbaycan dilində danışmalıdırlar. Eyni zamanda Azərbaycanın tarixini, ədəbiyyatını çox gözəl bilməlidirlər. Bu məsələlərlə tamamilə razıyam, amma məktəblərdə xarici bölmələrin olmasının nəyi pisdir ki, bütün dünyada var belə bir hal. Azərbaycanda tək azərbaycanlılar yaşamır, buraya başqa millətlərin də nümayəndələri xaicdən işləməyə gəlir və onların övladları xarici dilli məktəblərdə təhsil alırlar. Onlar bura həmişəlik yaşamağa gəlmirlər. Onlar bizim ölkəyə işləməyə gəlirlər və bir müddət sonra öz ölkələrinə dönürlər. Yəni, bu və bu kimi məsələlər də nəzərə alınmalıdır. Birincisi, bunu niyə kimsə istəsin, ikincisi axı rus dili bilmək qəbahət deyil. Rus dilində bütün dünya ədəbiyyatının tərcümə olunmuş kitablarını tapıb oxuya bilərik. Biz Azərbaycan dilinə tərcümə edilmiş bütün dünya ədəbiyyatının kitablarını tapa bilirik? Biz bunun kimi çətinliklər çəkirik. Xarici dil bilmək pis deyil, amma ana dilini bilməmək yolverilməzdir. Bəzi ailələr var ki, valideynlər rus dillidir və uşaqlar da rus bölməsində oxuyur. Elə ailələrdə böyüyüən uşaqlar üçün məktəblərdə məşğələlər olmalıdır ki, Azərbaycan tarixini, ədəbiyyatını keçsinlər və yaxud da hər gün dərslərdə Azərbaycan ədəbiyyatına, tarixinə dərs saatı ayrılsın. Ümumiyyətlə, mən başqa dildə təhsil almaqda problem görmürəm. Çünki mənim övladlarım ingilis dilində təhsil alırlar, amma bu o demək deyil ki, onlar Azərbaycan dilində danışa bilmir və yaxud burada nəsə mənfi bir şey var. Onlar əlavə olaraq, Azərbaycan və rus dilindən başqa fransız dilini də keçir. Mən hər zaman xarici dil bilməyə üstünlük vermişəm. Nə qədər çox dil bilirsə insan, o qədər yaxşıdır. Və bunun insan üçün heç bir mənfi tərəfi yoxdur. Azərbaycanda nə qədər xarici dilli məktəblər çox olsa, o qədər yaxşıdır”.
Kamran Əsədov: “Uşaq Azərbaycanda yaşayıb, işləyəcəksə…”
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir:
“Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu, belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb, işləyəcəksə, öz dilində təhsil almalıdır”.
“Rus dilini bilmək şagirdə əlavə imkanlar açır”
Ekspert bildirir ki, bununla belə, şagird əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar:
“Bir faktı deyim ki, hal hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% -i deməkdir.
Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.
Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.
Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.
Fikrimə görə, son 70 ildə rus dilinin önəmliyi olduqca yüksək idi, bu, danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır, nəinki Azərbaycan dilində.
Təhsil sistemimizdə rus dilinin oynadıǧı rol böyük idi. Əgər varlı qohumun, yaxud da qabiliyyətin yoxdursa, nəyəsə nail olmaq üçün gərək rusca səlis danışasan.
Hər bir insan nə qədər cox dil bilirsə, bir o qədər də onun ucun yaxşıdır. O ki, qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanin quru ərazisinin 6/1 hissəsinin insanlari bu dildə danışırlar. Bu dildə həddindən artıq informsiyalar var.Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki?
Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.
Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlardan istifadə etməyə imkan verir, yarı boş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır.
Ona görə də, tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.
Aytəkin CƏLALİ