Türkiyənin məşhur şairi Nazım Hikmət Moskvada yaşadığı günlərdə Səməd Vurğunla tez-tez görüşüb, ədəbiyyat müzakirələri aparırmış. Bu görüşlərdən birində Nazım Himət şair həmkarının şerinə münasibətinə görə əsəbləşir.

Belə ki, Nazım yeni yazdığı şeirləri qiymət versin deyə Səməd Vurğuna oxuyurmuş. Səməd Vurğun onun şeirinə qulaq asdığı yerdə, “Geceleyin suya dizboyu girip çekiyorum denizden ağları/ yıldızlarla balıklar karmakarışık” sətirini yenidən oxumağını istəyib. Şeirdə bu hissənin çox xoşuna gəldiyini deyib.

Nazım Hikmət bu müzakirədən sonra şair dostunun şeirin məhz bu hissəsini bəyənməsinə hirslənib, bu sətirlərin ədəbiyyat baxımından güclü olmadığını bildirib: “Çox qəribədir. Şeirdə hər şeydən çox bu hissədən xoşu gəldi. Amma şeirin ən zəif hisəssi bu sətirlər idi. Hamı bu şeyləri edə bilər. Bütün ömrüm boyunca qorxduğum şey də məhz budur. Şeir bu cür gözqamaşdırıcı şeylərə ehtiyac duymadan, təsirli olmalıdır. Bunu qadının ayağındakı incə, şəffaf kalqotkaya bənzətmək olar. Kalqotka ayağın gözəlliyini üzə çıxartmalı, ancaq özü görünməməlidir. Səməd corabı gördü, deməli hardasa səhv etmişəm”.