“Netfliks” Media Mərkəzi 1997-ci ildə Kaliforniyada Rid Hastinqs və Mark Randolf tərəfindən yaradılıb. “Netfliks” ingiliscədən internet mənasına gələn “net” və Amerikada adi danışıq dilində filmlər mənasında işlədilən “fliks” sözlərinin birləşməsindən əmələ gəlib. Dünyanın 190-dan çox ölkəsində 193 milyon istifadəçiyə sahib olan şirkət son illər ölkəmizdə də böyük izləyici kütləsi yığmağı bacarıb.

Bilgisel.az olaraq “Netfliks”də yayımlanan ən reytinqli serialları təqdim edirik.

“Netflixdə Ən Çox Baxılan Seriallar hansıdır?

La Casa de Papel (Kağız Ev)

Aleks Pina tərəfindən çəkilən serial dram, triller janrındadır. Professor ləqəbli bir şəxs tarixin ən böyük qarətini həyata keçirmək üçün plan hazırlayır. Bu planı gerçəkləşdirmək üçün isə ona həyatdan bezmiş və itirəcək heç nəyi olmayan 8 nəfər lazımdır. Professor 8 nəfərdən ibarət komandası ilə birgə İspaniya Kral Zərbxanasına daxil olur. Heyət burada milyardlarla avro məbləğində pul çap etməyə başlayır. Bunun üçün isə onların cəmi 11 günü var.

Black Mirror (Qara Ayna)

Çarli Brokerin prodüserlik etdiyi ekran işində seriyalar arası süjet bağlılığı olmasa da, serial tamaşaçıya bir ideyanı çatdırır: müasir texnologiyanın insan həyatına təsiri. Serialda insanların şəxsi həyatında baş verən hadisələr göstərilir.

Elite (Elit)

Bu serialda İspaniyada yerləşən “Las Ensinas” liseyində baş verən hadisələrdən söhbət gedir. Tələbələrdən birinin ölümü ilə vəziyyət gərginləşir və qatilin kim olduğunu tapmaq üçün digər tələbələr detektiv tərəfindən sorğu-sual edilir. Serialın ilk sezonu 1 ay ərzində 20 milyon insan tərəfindən izlənilib.

Dark (Qaranlıq)

Almaniya istehsalı olan “Dark” elmi-fantastika janrının ən iddialı seriallarındandır. Hadisələr Almaniyanın Vinden adlı bir qəsəbəsində baş verir. Burada hadisələr hər 33 ildən bir təkrarlanır. Uşaqları anidən qeybə çəkilən 4 fərqli ailə onları tapmaq üçün bir araya gəlir. Bütün qəsəbə sakinlərinin xəbərdar olduğu bu axtarışda yavaş-yavaş sirrli məqamlar açılır. Hadisələrin qarışıq olmasına baxmayaraq, serial izləyicilər tərəfindən maraqla izlənilir.

Aşk 101

Türkiyə istehsalı olan serialda hadisələr 1990-cı illərdə baş verir. Oxuduqları liseydə hər kəs tərəfindən nifrətlə qarşılanan bir qrup gənc liseydən qovulmamaq üçün bir plan tapmalıdırlar. Əgər planın içində 2 müəllimi bir-birinə aşiq etmək varsa, onda işlər daha da qarışır. Senarisi Meriç Aceminin yazdığı serialda baş rolları Alina Boz, Kubilay Aka, Selahattin Paşalı, İpek Filiz Yazıcı, Kaan Urgancıoğlu, Pınar Deniz, Mert Yazıcıoğlu ifa edirlər.

The End of the F***ing World (Lənətlənmiş Dünyanın Sonu)

Çarlz Forsmanın romanına əsasən çəkilən serial 2 gəncin həyatından bəhs edir. Onlardan biri – 17 yaşlı Ceyms uşaqlıqdan bəri təhlükəli işlərə əl atır. Ceyms məktəb yoldaşı Alissanı öldürmək istəyir, lakin əvvəlcə onun güvənini qazanmalıdır. Buna görə də, özünü Alissaya aşiqmiş kimi göstərir. Alissa isə yaşadığı yerdən sıxılmış, yeni yerlər kəşf etmək istəyən gənc qızdır. Ceyms Alissanı öldürmək üçün onu şəhərdən kənara aparmalıdır. Macəra axtarışında olan Alissa Ceymslə birlikdə şəhəri tərk etmək üçün yola çıxır. Yol boyu onların başına gələn maraqlı hadisələr, Alissanı Ceymsə daha da yaxınlaşdırır. Beləliklə, Ceyms Alissaya aşiq olur. Komediya, dram janrında olan serial 2 sezondan (16 seriya) ibarətdir, 3-cü sezonun nə vaxt yayımlanacağı isə hələ məlum deyil.

Lucifer (Şeytan)

Cəhənnəmin kralı olmaqdan bezən Lucifer (Şeytan) həyatına Los Ancelesdə “Luks” adlı bir məkanın sahibi olaraq davam edir. Burda onu nələrin gözlədiyini bilmək üçün isə serialı izləməyiniz məsləhətdir. Serialın ilk 3 sezonu “Foks”da yayımlanmışdı. 4-cü sezonun olmayacağı deyilsə də, Netflikslə müqavilə imzalandıqdan sonra 4-cü sezon üçün çəkilişlərə başlanıldı. Serialın 5-ci sezonunun avqust ayında təqdim olunacağı gözlənilir.

The Haunting of Hill House (Təpədəki evin kabusu)

Mayk Flanaqanın prodüserlik etdiyi serial amerikan yazıçı Şirli Ceksonun “Təpədəki evin kabusu” adlı romanının motivləri əsasında çəkilib. Serialda bir ailənin öz köhnə evlərinə məcburən qayıtması və evdə baş verən qorxulu hadisələrin aşkara çıxmasından söhbət gedir.

Hakan: Muhafız (Mühafizəçi Hakan)

Hakan İstanbulda sıradan, hamı kimi həyat yaşayan bir gəncdir. Amma günlərin birində ona İstanbulu ölümsüzlərdən qorunması tapşırılır. O, buna hazır olmasa da, İstanbul üçün bunu etməlidir. Bəs o, bunu bacaracaqmı?

The Umbrella Academy (Çətir Akademiyası)

Eyni gündə doğulan 41 uşağın 7-ni övladlığa götürən Recinold Harqrivz onların sehrli gücə sahib olduqlarını öyrənir. Uşaqlardan ölülərlə danışan kim, zamana səyahət etməyi bacaran kim. Bu uşaqları Çətir Akademiyasında birləşdirən Harqrivz günlərin birində uşaqların akademiyanı tərk etdiyinin şahidi olur. Lakin illər sonra Harqrivzin ölümü ilə uşaqlar yenidən bir araya toplaşır. Serialda istifadə olunan musiqilər də izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Mübariz ZƏKİ