Ermənistan-Azərbaycan arasında sənəd imzalana bilər, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

İki ölkə arasında Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında sərhəd mübahisəsi yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.

Nikol Paşinyan çümə axşamı növbəti həftəlik hökumət iclasında bəyan edib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında danışıqlar gedir və Azərbaycan öz razılığını versə, konkret sənəd imzalana bilər, çünki “beynəlxalq tərəfdaşlar arasında 100 faiz Ermənistanın maraqlarına uyğun” ilkin razılaşma var.

“Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram,” – o deyib.