Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin hələ yeni başladığını söyləyib. Ölkə parlamentinin öndə gələn üzvlərinə müraciət edən Putin qeyd edib ki, Rusiya hələ iri çaplı bir əməliyyat etməyib.

Qərbə meydan oxuduğu çıxışında Rusiya prezidenti bunları ifadə edib:

“Bizi cəbhədə məğlub etmək istədiklərini eşidirik. Nə deyə bilərik, qoy sınasınlar. Qərbin tək bir ukraynalı qalmayana qədər bizimlə savaşmaq istədiyini eşidirik, bu, Ukrayna xalqı üçün bir faciədir. Ancaq hər şey buna doğru gedir”.

Putin vurğulayıb ki, sülh görüşlərini rədd etmirlər və buna qarşı çıxanlar bilməlidirlər ki, müharibə uzandıqca onlarla müzakirə, danışıqlar da çətinləşəcək.

Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyatında” öz imkanlarının “çox kiçik bir hissəsindən” istifadə edib.