STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr aparıb.
Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, görüşdə STM tərəfindən idarə heyətinin sədri, millət vəkili Zahid Oruc, idarə heyətinin üzvləri millət vəkili Elşad Mirbəşiroğlu, Tahirə Allahverdiyeva və tədqiqat qrupunun üzvləri Seymur Əliyev və Nilufər Məmmədova, BMT QAK tərəfindən isə ölkə üzrə nümayəndə cənab Quido Ambroso, hüquq departamentinin rəhbəri Oktavian Mohorea və həmin departameninin müdir müavini Samirə Allahverdiyeva iştirak edib.
Görüşün əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın effektiv planlaşdırılması üçün tədqiqat lahiyəsi çərçivəsində BMT QAK ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərinin müzakirəsi olub.
Müzakirə çərçivəsində, Zahid Oruc işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konseptin önəmi və prosesin Azərbaycan üçün stateji əhəmiyyəti barədə fikirlərini bölüşüb. Mərkəz tərəfindən icra olunan tədqiqat lahiyəsində yenidən məskunlaşmaya dair dayanıqlı həll yolları ilə bağlı dünyada bu sahə üzrə ixtisaslaşmış qurum olan BMT QAK-ın fikirlərinin diqqət mərkəzində saxlanılmasının önəmini vurğulayıb.
BMT QAK-ın ölkə üzrə nümayəndəsi Quido Ambroso qurumun Azərbaycandakı fəaliyyətindən danışmış və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. O həm də, 10 noyabr bəyanatının 7. Maddəsi çərçivəsində BMT QAK-ın dövlət qurumları ilə yanaşı tədqiqat mərkəzləri ilə əməkdaşlığının vacibliyini vurğulayıb.
Müzakirədə Seymur Əliyev layihənin prioritetləri və məskunlaşma siyəsətində mövcud əsas mülahizələri bölüşüb.
Sonda əməkdaşlığın növbəti addımları müəyyənləşdirilib.
Mərkəzin sədri qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür edib.