Bu gün neçə-neçə insanın qəlbində yuva qurmuş, dəyərli insan, Xalq şairi Ramiz Rövşənin 74 yaşı tamam olur.

“Göy üzü daş saxlamaz”, “Yağış yuyur, gün qurudur”, “Bir yağışlı nəğmə”, “Göyərçinim, gəl görüm”, “Gizlənmişəm, tap məni” və s. kitabların müəllifi olan şairin həyat yoluna birlikdə nəzər salaq.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Yazıçı Yaşar Əliyevin qardaşı, tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşən, Xalq şairi, 74 yaş

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

2013-cü ildə “Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatının sahidir (2019).

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

 

Mübariz Zəki