11 avqust tarixində Xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər ediblər. Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirləri qəbul edib. Görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ve Müdafiə naziri Hulusi Akar da iştirak edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Bilgisel.az-a sözügedən səfəri şərh edib:
“Əlbəttə Türkiyə və Azərbaycan arasında strateji müttəfiqliyin güclənməsi hər iki tərəf üçün çox zəruri, faydalıdır, öncəliklə də Azərbaycan üçün. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Yalnız Ermənistan olsaydı, biz çoxdan torpaqlarımızı azad edərdik. Amma Ermənistanın arxasında böyük güc strukturları, güclü siyasi mərkəzlər var. Buna görə də, bizim Türkiyə ilə hərbi ittifaqı artırmağa ehtiyacımız var. Hətta mən illərdir söyləyirəm ki, Türkiyə hərbi bazaları Azərbaycanda formalaşdırılsın. Hiss olunur ki, bu istiqamətdə görüşlər və danışıqlar intensivləşir. Birgə hərbi təlimlərin keçirilməsi, sonra Ceyhun Bayramovun, Zakir Həsənovun Türkiyəyə səfəri və bir gün keçməmiş Türkiyə Müdafiə naziri Hulusi Akarın ölkəmizə səfəri ilə bağlı məlumatların yayılması – bütün bunlar ondan xəbər verir ki, hər iki tərəf əməkdaşlığı dərinləşdirməyə hazırdılar və müvafiq addımlar da atılacaq. Azərbaycanın hərbi planlarına gəldikdə isə aydındır ki, Qarabağ istiqamətində danışıqlar fayda verməyib və gələcəkdə də verməyəcək. Bunu Azərbaycan cəmiyyəti də anlayır, Ali Baş Komandan da bilir. Odur ki, biz güc yolundan istifadə etməli, hərbi qüdrətimizi göstərməliyik. Amma bunun da müəyyən riskləri var. Çünki 1990-cı illərdə biz bəzi təhlükələrlə üzləşdik. O təhlükələrin bir daha təkrarlanmaması üçün də bütün hər şey götür-qoy edilməlidir. Sentyabrda müharibənin başlamağını qəti şəkildə söyləmək çətindir. Ümumiyyətlə, ay söyləmək çətindir. Amma hadisələrin inkişafı ona doğru aparır ki, bu məsələnin yalnız güc yolu ilə həlli var. Çünki işğalçı gərək qarşısında güc görsün ki, mərhələli hərbi planı qəbul etsin. Ancaq danışıqlarla bu məsələ həll olunmayacaq”.
Regionda Azərbaycanı məğlub vəziyyətə salmaq istəyən qüvvələr var
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli iki ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib:
“Xarici işlər nazirinin və Müdafiə nazirinin Türkiyəyə səfəri, oradakı həmkarlarla görüşlər, eyni zamanda Rəcəb Tayyib Ərdoğanla görüşlərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yeni sferaya çıxması ilə bağlıdır. Buna qədər təbii ki, Azərbaycanla Türkiyə strateji tərəfdaş, müttəfiq idi. 2010-cu ildə hər iki ölkə arasında bununla bağlı müqavilə bağlanıb. Xüsusilə, hərbi yardımın göstərilməsi, hərbi texniki əməkdaşlıq barədə. Amma görünən odur ki, bizim regionda xüsusilə də, Tovuz döyüşlərindən etibarən vəziyyət dəyişdi və bu regiona Türkiyənin müdaxiləsini zəruriləşdirdi. Əvvala, söhbət ondan gedir ki, Türkiyə və Azərbaycanın ortaq bir keçmişi var, kökü eynidir. Strateji müttəfiqliyi isə iqtisadi maraqlara söykənir. Eyni zamanda, Azərbaycanın reallaşdırdığı enerji lahiyələri Gürcüstana, ordan da Türkiyə vasitəsi ilə dünya bazarına çıxır. Nəzərə almaq lazımdır ki, Türkiyə 98% təbii qaz üçün İrandan və Rusiyadan asılıdır. Burada mən Azərbaycanın payını işıqlandırmıram. Çünki qardaş ölkədir və ucuz şəkildə qaz nəql edir. Türkiyənin Azərbaycandakı marağını başa düşmək olar. Digər tərəfdən də, bu hərbi gedişat onu göstərdi ki, regionda Azərbaycanı məğlub vəziyyətə salmaq istəyən qüvvələr var. Hazırda Çin, ABŞ və Rusiya arasında Mərkəzi Asiya uğrunda döyüş başlayıb. Bu da bir teatrdakı səhnədir. Cənubi Qafqaz isə lojadır. Bu baxımdan həmin o mərhələdə Cənubi Qafqazın önəmi daha çox artır. Bir halda ki, Mərkəzi Asiya xüsusilə də, neftlə zəngin bölgələrdir. Gələcəkdə bu neftin Azərbaycan vasitəsi ilə Avropaya çıxması nəzərdə tutulur. Ona görə də, Azərbaycandan vaz keçilməsi mümkün deyil. Və əlbəttə ki, həm də strateji və hərbi müttəfiq kimi Azərbaycan imkan verməməlidir ki, Türkiyə hər bir halda çöksün. Bu gələcəyə yönəlik proseslər indiki halda onu deməyə əsas verir ki, sülh təhlükədədir. Biz bunu Ermənistanın timsalında gördük. Amma hadisələr daha artıq maştabda cərəyan edə bilər. Türkiyə Rusiya münasibətləri, İranın, ABŞ-ın, Avropa İttifaqının, Türkiyənin və Gürcüstanın bölgəyə münasibəti və Ermənistanın bölgədəki dağıdıcı münasibəti hadisələrə təsir göstərə bilər. O baxımdan proseslərin hansı formada cərəyan edəcəyini qiymətləndirmək mümkün deyil. Əgər bu gün Tovuz cəbhəsində düşmən sabitliyi pozur, təxribata əl atırsa, sabah eyni proseslər Ermənistanla sərhəd digər zonalarda da baş verə bilər. Rusiya ilə tarixi sülhə imza atmışıq. Baxmayaraq ki, sərhədlərmizin delimitasiya və demarkasiyası baş tutub, görürük ki, müəyyən mənada hansısa təzyiqlərlə üzləşə bilirik. Digər tərəfdən Gürcüstan həssas bir ölkədir və Azərbaycanın vəziyyətindən hər an istifadə edə bilər. Ən azından biz bunu ötən il “Keşikçi Dağ” məsələsində gördük. İran da həmin mövqedədir və xüsusilə də, İran imperalizmi altında gizlədilmiş şiə ideologiyası ilə Azərbaycanın müsəlman qismini manipulyasiya etməkdədir. Tam da belə bir vəziyyətdə Azərbaycanın mütləq müttəfiqə ehtiyacı var və bunun Türkiyə olması təbiidir. Nazirlərin Türkiyəyə səfəri Tovuz hadisələrindən sonra başlanan prosesin növbəti mərhələsidir. Bu mərhələ o deməkdir ki, masada müəyyən ssenarilər var. Mütləq gələcəyə yönəlik bu ssenarilər içərisində müəyyən seçimlər var. Türk ordusunun Azərbaycana təlimlər vasitəsi ilə daxil olması və burada hansı formada qalması, hansı formada təmsil olunması, hansı formada Azərbaycan ordusunu hazırlaması, hansı formada silahlar ilə təmin etməsi və gələcəkdə münaqişə vəziyyəti yarandıqda, aktiv münaqişələr dönəmində əməkdaşlığı hansı formada həyata keçirəcəyi, bütün bunların hamısı planlanıb. Və dünən axşam Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana gəldi.
Bizim nazirlərin ora səfəri zamanı yəqin ki, hansısa məxfi protokollar imzalanıb, eyni zamanda həmin protokolların təsdiqi üçün Azərbaycan tərəfindən də protokolların imzalanma mərasimi baş tutdu. Görünən odur ki, təkcə Ermənistanla əlaqəli münasibətlərə bağlamaq lazım deyil. Bunun həm də dünyada baş verən regional və qlobal proseslərlə birbaşa əlaqəsi var. Yeri gəlmişkən, 11 və 12 avqust tarixlərində iki ölkənin generaliteti və Xarici işlər nazirləri səviyyəsində baş tutan görüşlərdən sonra, məhz bu gün Rusiya prezidentinin mətbuat xidməti məlumat açıqladı. Bu informasiyada əsas diqqət çəkən məqam İlham Əliyevin Rusiya prezidentinə zəngi olub. Bu danışıqda Ermənistan- Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsini müzakirə ediblər. Yəni üstündən təxmini bir ay keçib və bu gün Rusiya prezidenti ilə bu mövzu müzakirə olunub. Rusiya tərəfi bu gərginləşmədən narahat olduğunu bildirib və bu gərginləşmə konteksində regional problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Demək, Rusiya Azərbaycan tərəfindən bunun hesabatını da istəyir ki, Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı hansı səviyyədədi, hansı dərəcəyə qədər qalxacaq və bunun arxasında hansı maraqlar dayanır”.