Cəmiyyətdə hər gün yüzlərlə uşaq, qadın, canlı şiddətə məruz qalır. Şiddət sadəcə altı hərfdən ibarət kəlmə deyil. Özündə altıdan çox haləti birləşdirən termindir. Burada ümidsizlik, qorxu, ikrah, nifrət, kədər, ağrı və bu kimi saymaqla bitməyən mənfi hislər var.
Biz hal-hazırda öz işlərimizlə, problemlərimlə məşğul olarkən hər hansı bir yerdə köməyə ehtiyacı olan insanlar var. Şiddət genetik olaraq elə bir koddur ki, irsi olaraq keçici xəstəlikdir. Bir hadisə üzərində bunu nümunədən keçirək. Bir oğlan uşağının gözləri önündə anasına təhqiredici, şəxsiyyətini alçaldacaq kəlimələr deyilən və yaxud fiziki cəhətdən şiddət ilə nəticələnən bir vəziyyət düşünün. Bu vəziyyət daimi şəkildə davam edərsə uşaq sevginin nə olduğunu anlamayacaq. Çünki uşağın göz açdığı dünya onun ailəsidir. Bu kiçik dünyada o “sevgi necə bir hisdir?”, “insan necə sevilər?”, “bir insana doğru sevgi necə verilə bilər?” suallarına cavab tapmalıdır. Lakin bu uşaq sevgi görmədən böyüyərsə, gələcəkdə necə bir şəxsiyyət olar, bunu biz bilmərik. Kiçik bir toxum düşünün. Yalnız torpağa əkməklə o toxum filizlənməz. Qayğı, qulluq, su tələb edər. Dünyaya gətirdiyimiz uşaqlar da bu toxuma bənzəyir. Elə isə əkdiyimiz toxumlara sahib çıxmalıyıq.
Yuxarıda nümunə gətirdiyimiz oğlan uşağının gələcək həyatında olacaq ehtimala baxaq. Bu oğlan ailə həyatı qurur. Ailədə dominat, sözünü keçirən ata, qarşısındakı insanı dinləməyən, onu təhqir edən, psixoloji və fiziki şiddət göstərən həyat yoldaşı olacaqdır. Ortaya belə bir sual çıxır. Bu insan dəyişərək daha düzgün münasibət qura bilərmi?
Düzgün dedikdə nəzərdə tutduğumuz nədir?
Ailə dediyimiz məhfumda evdə evdə kimin gücü varsa digərləri ondan asılı olmalıdır demək deyil. Sağlam ailə ortamında hər bir fərdə azad fikir haqqı verilməlidir. Yaşı neçə olur olsun bəlkədə bir uşaqdan öyrənəcəyimiz çox şeylər vardır.
Doğru bildiyimiz yalnışları düzəltmək üçün zamanın və məkanın fərqi yoxdur. Hərşey bizim dəyişmək istəyimizdən başlayır. Unutmayaq ki şiddət görən şiddət tətbiq edəcəkdir. Sağlam düşüncəli uşaq böyütmək üçün əvvəlcə özümüz belə düşüncəyə sahib olmalıyıq. Bunun üçün bacardığımız qədər çalışmalı və həll edə bilmədiklərimiz üçün mütəxəssislərdən yardım almalıyıq.
Hər zaman gözəl və sağlam düşüncələrlə qalın. Psixoloq Xanım Bəşirli