“İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qeyd edib ki, NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanı olacaq.
Bu görüşlərdən sonra Azərbaycana gələcəyini, Səfər çərçivəsində Füzuliyə gedəcəyini bildirib.
“Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşüb müqavilə imzalayacağıq. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”, – o əlavə edib.
Siyasi ekspert Asif Nərimanlının fikrincə, geniş miqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var:
“Böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər. Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir”.
O qeyd edir ki, Türkiyənin Azərbaycanda hərbi hava bazası yaradıla və Füzulidə yerləşə bilər. Çünki Füzulidə hava limanının inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək: “Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq; İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər”.
Siyasi ekspert vurğulayır ki, Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil: “Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır”.