Tayfun Dəmir həbs olundu. Dəmir fırıldaqçılıq, rəsmi sənədlərin saxtalaşdırılması və orqan satışı kimi 44 fərqli cinayətdə ittiham edilir. O, fərqli cinayətlərə görə 52 il həbs cəzasına məhkum edilib. Tayfun Dəmir daha sonra həbsxanadan qaçaraq, özünü ölü kimi göstərib. Beləliklə, yeni şəxsiyyət vəsiqəsi ilə həyatına davam edib.
Bəs Tayfun Dəmir kimdir?
Budur Tayfun Dəmirin filmlərə layiq hekayəsi….
Türkiyədə xüsusilə heyvansevərlərin və eko-aktivistlərin izlədiyi bir yutuber var idi: Tayfun Dəmir. “YouTube”da 435 min abunəçisi var.
Deməli, özü kompüter mühəndisi olan Tayfun Dəmir ilk dəfə 2007-ci ildə həbs edilir və məlum olur ki, saxta sənədlər düzəldərək illərdi banklardan kreditə pul götürür, qaytarmır. Bir bank işçisinin diqqəti sayəsində ilk dəfə həbsxanaya düşən Tayfun Dəmir həbsdə olarkən universitetə daxil ola bilsə daha yüngül şərtlərlə qorunan islah evinə dəyişdirilə biləcəyini öyrənir. Hazırlaşır, universitetə daxil olur və islah evinə keçirlir. Hər gün universitetə gedib həbsxanaya qayıtmağına icazə verilir. Bir müddət həbsxana rəhbərliyinin etimadını qazanmaq üçün universitet-həbsxana arasında gedib-gəlir. Günlərin bir günü də gedir, daha gəlmir.
Cinayətə qurban getmiş
Rahat hərəkət etmək üçün öz adına “cinayətdə qurban getmiş” kimi saxta sənəd düzəldir, ölüm kağızı hazırlayır və hətta o, ölüm kağızını müvafiq idarəyə özü gətirib verir.
Beləcə, “öldüyü” üçün haqqında olan bütün cinayət-axtarış işləri dayandırılır. Bu da ona yenidən saxtakarlığa davam etməyinə icazə verir.
Tayfun Dəmir bu dəfə başqa bir saxta şəxsiyyət vəsiqəsi ilə yenidən kredit almağa çalışır. Bir dəfə bankların birində kameraya düşür, ölmədiyini görürlər, evinə edilən basqında polis görür ki, lələ köçüb, yurdu qalıb.
Yutuberliyin, internet fenomenliyinin inkişafını görən Tayfun Dəmirin ağlına başqa bir saxtakarlıq gəlir. Əvvəlcə yenidən öz adını istifadə etməyə başlayır. “Onsuz da ölkədə eyni ad-soyadda nə qədər adam var” deyib öz adıyla Yutubda kanal açır.
Bir kənddə yaralı bir sincab tapır, onu sağaldır, sincaba protez ayaq düzəldir, qısa müddətdə heyvansevərlər arasında məşhurlaşır, TRT-də heyvansevərlik proqramlarına qatılır.
O, hətta ”Kim Milyoner Olmaq İstəyir” yarışmasına qatılıb.
Muğlada 1 hektara yaxın torpaq alır, ev, hovuz inşa etdirir. Bu prosesləri çəkdiyi videolar yüzminlərlə izlənilir. Aldığı torpağın dəqiq yerini “burdakı torpaqların qiyməti süni formada yüksəlməsin, camaat fırıldaqçı dəllallardan əziyyət çəkməsin, rüşvətlə qanunsuz istirahət yerləri salınaraq ətraf mühitə zərər dəyməsin deyə” gizləyir. İnsanlardan pul yığmaq və kömək istəmək üçün heyvanlardan istifadə edir. Beləcə heyvansevərlərlə yanaşı eko-aktivistlərin də diqqətini çəkir.
“Ekşi sözlük” saytında buna təriflər yağdırılarkən bir neçə sayt istifadəçisi şübhələnir, buna “sən həmin saxtakar Tayfun Demirsən” deyir. Yeri gəlmişkən, kiçik bir detalı qaçırmayaq. Həqiqətən adı Tayfun Dəmir olan günahsız bir şəxsin adından istifadə edərək özünü doğrultmağa çalışır. Tayfun Dəmir adaşının bəraət sənədindən istifadə edərək insanlara və tərəfdarlarına “Bax, mən günahkar deyiləm” deyir.
Buna da inanmayan bir nəfər onu tutduracağına and içir və bütün lazım olan sənədləri, videoları, sübutları toplayaraq 10 səhifəlik bir “dosya” ilə polisə baş vurur. Polis tərəfindən 6 aylıq təqibə alınan sənətkar, nəhayət sentyabrın 20-si həbs edilir.O , fırıldaqçılıq, rəsmi sənədlərin saxtalaşdırılması və orqan satışı kimi cinayətlərə görə 52 il 4 ay 15 gün həbs cəzası verilir.