Uğur dedikdə ağlımıza müxtəlif düşüncələr gəlir. Uğura gedən yolda qarşılaşacağımız problemlərdən, səhvlərdən dərs çıxardaraq özümüzü bir sonrakı hədəflərimizə çatmaq üçün hazırlayırıq. Doğru qərarlar, düşüncələr, izləniləcək yol və hədəflərin təyin olunması bizi uğura aparacaq özəlliklərdəndir.Uğur həm məqsəd, həm də sərvətdir.
Çox az insan öz həyatlarında uğur qazanmağın nə olduğu haqda fikirləşir. Amma hamımız uğur qazanmaq istəyirik. Uğur qazanmaq, onu hiss etmək və uğurlu bir həyat yaşamaq istəyirik. Amma əsl “uğur nədir?” deyə heç fikirləşmədən, daima pul, şöhrət, var-dövlət, iqtidar, təhsil, münasibətlər və bir sıra minlərlə şeyin arxasınca düşürük.
Uğur qazanmağın yolları
Hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
*Dəqiqlik – insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir.
*Etibarlılıq – insan ona etibar edənləri pis vəziyyətdə qoymamalıdır.
*Özünə güvənlilik – insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir.
*Xeyirxahlıq – başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır.
*Hiyləgərlik – həyatda işin alınması üçün bir az hiyləgər də olmaq lazımdır.
*Azad fikirlilik – insanın gərək özünün nəzər nöqtəsi, həyata obyektiv baxışı olsun.
*İnadlılıq və məqsədə yönəlmə – insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır.
*Yaradıcılıq qabiliyyəti – həm də insan bir az da yaradıcı olmalıdır
*Başqalarının istəklərinə əsasən deyil, öz istəklərimizə əsasən hədəfimizi müəyyən etməliyik
Özümüz üçün uğur anlayışına aydınlıq gətirmiş olmasaq və başqasının yolundan getməyə çalışsaq, sonda məyus olar və özümüzü uğursuz biri hiss edərik.
Həqiqətən uğur qazanmaq üçün hansı addımları atmalıyıq?
Bu suala cavab tapmaq üçün bir sıra sualları cavablandırmalıyıq:
*Həyatım boyu nə etmək istəyirəm?
*Kim olmaq istəyirəm?
*Mənim üçün həqiqətən önəmli olan nədir?
*Necə bir yaşayış tərzinin olması arzusundayam?
*Öləndən sonra insanların haqqımda nə söyləməsini istəyirəm?
Bu sualların cavabları aydın olmalıdır.
“Mənim üçün əsas önəmli şey xoşbəxt olmaqdır” kimi qeyri-müəyyən və ümumi cavablardan çəkinmək lazımdır.
Elə insanlar var ki, etdiyi işdən maksimum zövq ala bilirlər; onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür
Müvəffəqiyyətli olmağın yollarından biri də odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Mən bu gün nə etmişəm. Hansı nailiyyətlər əldə etmişəm.
Uğur qazanmaq üçün vaxtdan səmərəli istifadə etmək, insanlarla səmərəli münasibət qurmaq, ömrünü hədər keçirməmək lazımdır.
Məşhur filosof Ralf Valdo Emersondan uğurun sirləri:
- Tez-tez gülmək və çox sevmək.
- Ağıllı insanların hörmətini və uşaqların sevgisini qazanmaq.
- Gözəlliyi sevmək; başqalarında ən yaxşını tapa bilmək.
- Doyunca əylənmək və gülmək.
- Könlüncə olan mahnını oxumaq.
Uğur qazanmağı öyrənmək istəyirsinizsə, bu məsləhətlər vacibdir:
*Böyük düşünün
*Həyatı balanslaşdırmağı öyrənin
*Uğursuzluqdan qorxmayın
*Pozitiv münasibətlər inkişaf etdirin
*Yeni fikirləri tanıtmaqdan qorxmayın
*Uğur qazanmaq üçün bacarığınıza inanın
“Ualt Disney” şirkətinin qurucusu Uolter Disneyin dediyi kimi “Xəyal edə bilirsinizsə, bunu edə bilərsiniz.” Uğur, özünüzü əldə etdiyinizi xəyal edə biləcəyiniz bir şey olmalıdır.
Bəyim İsmayılova