Birləşmiş Millətlər Təşkilatı Rusiyanın işğalından sonra Ukraynadan qaçanların sayının yarım milyonu keçdiyini açıqlayıb.
Ukraynanın böyük şəhərlərində, o cümlədən Kiyev, Xarkov və Çerniqovda Rusiyanın hücumları davam edir.
Artilleriya atəşinin davam etdiyi Xarkovda onlarla dinc sakin həlak olub, hökumət rəsmisi bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Ukraynada milyonlarla insanın partlayışlar səbəbindən metro stansiyalarında və müvəqqəti bunkerlərdə qaldığını bildirib.
BMT-nin məlumatına görə, işğalın başladığı cümə axşamından bəri yeddisi uşaq olmaqla 102 mülki şəxs həyatını itirib. 300-dən çox yaralı var. “Qorxuram ki, real rəqəmlər daha çoxdur” deyə Baçelet bildirib.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları paytaxt Kiyevdən təxminən 30 kilometr şimalda yerləşir. Nazirlik bildirir ki, ukraynalıların müqaviməti rus qoşunlarının irəliləyişini ləngidir. Amma şəhərin bəzi yerlərində küçə toqquşmaları baş verir.
Təhlükəyə baxmayaraq, iki günlük komendant saatı aradan qaldırıldıqdan sonra sakinlər yemək almaq və digər ehtiyaclarını ödəmək üçün yeraltı bunkerlərdən çıxmağa başlayıblar.
“Xoşbəxtəm ki,sağam, möhtəşəm Kiyevimi görmək imkanım var”
Bunkerdə 36 saatdan çox qalan Kasenya adlı ukraynalı qadın BBC-yə müsahibəsində yeni evə bu gün gəldiyini deyib:
“Sizə özümü necə yaxşı hiss etdiyimi deyə bilmərəm. Mən xoşbəxtəm ki, sağam, təhlükəsizəm və möhtəşəm Kiyevimi görmək imkanım var. Biz yerin altında olanda belə, insanlar bir-birinə kömək etməyə çalışır, ordumuzun daha güclü olmasına və səsimizi eşitdirməyə kömək edirlər”.
“Qızım şanslıdır ki, indi rahat yata bilir”
10 aylıq qızı ilə Almaniyaya gedən Liza Qraç yaşadıqlarını BBC-yə belə ifadə edib:
“Dəhşətli idi. Amma bəxtim gətirdi, ya da özümü şanslı hesab edirəm. Çünki raketlər gəlməyə başlayandan sonra bu qərarı tələsik verdik. Mən Ukraynanın qərbində yaşayıram. Ona görə də sərhədə çatmağa çox vaxtımız olmadı. Müharibənin başlayacağını gözləmirdik. Fevralın 24-ü səhər saat 7-ni bir az keçmişdi. Pəncərədə sarı bir işıq çaxdı. Sonra güclü partlayış eşitdik, hava limanının üstünü qalın bir tüstü qatının bürüdüyünü gördük. Evimiz hava limanına yaxındır. Əşyalarımızı dərhal yığdıq. Yoldaşım dedi ki, getməlisən, mübahisə etməyə vaxtımız yoxdur. Həmin an özümü necə hiss etdiyimi deyə bilmərəm. Biz 10 aylıq körpəmlə getdik, həyat yoldaşım qaldı. Qızım indi çox şanslıdır ki, rahat yata bilir, bomba, partlayış və qışqırıq səslərini eşitmir. Hər şeyi onun üçün etdik. etdik”.
“Həyat yoldaşım evimizi qurtaracağına söz verdi”
Tanya Borislavska iki qızı ilə birlikdə Polşaya gedib:
“Həyat yoldaşım dedi ki, Polşaya getməliyik. Amma Ukraynada qaldı. Evimizi xilas edəcəyinə söz verdi. O evdə çox xoşbəxt idik. Amma indi sabah nə olacağını bilmirik. Qatarda ərimlə sağollaşanda böyük qızım ağladı. Sonra bütün qatar ağlamağa başladı. Onu bir daha görəcəyikmi, bilmirəm”.