Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 üzrə xüsusi nümayəndələrindən biri Dr. David Nabarro, dünyanın koronavirus epidemiyasının hələ başlanğıcında olmasıyla bağlı xəbərdarlıq edib.
İngiltərə Parlamentinin Xarici Əlaqələr Komitəsinin suallarını cavablandıran Nabarro deyib: “Bu dəhşətli vəziyyət epidemiyalarla bağlı hər hansı bir fantastik filmdə olduğundan daha pisdir. Biz epidemiyanın zərərini yeni görməyə başladıq, hələ bunun ortasında belə deyilik”.
Dr.Nabarro qeyd edib ki, mövcud vəziyyəti dəhşətli, utandırıcı hesab etmək olar: “Bu sağlamlıq problemi o qədər nəzarətsizdir ki, indi dünyanı sarsıdır”.
“Yoxsulların sayı ikiqat artacaq”
Mütəxəssis koronavirus epidemiyasının dünyanı yalnız tənəzzülə sürükləməklə qalmayacağını bildirib:
“Epidemiya yoxsulların, ac insanların sayını ikiqat artıracaq, yüz milyonlarla kiçik müəssisənin iflasına səbəb olacaq və bir çox gəncin təhsil imkanlarını əlindən alacaq, böyük iqtisadi tənəzzülə səbəb olacaq”.
Dr. Nabarro vurğulayıb ki, heç birimiz belə bir şey xəyal edə bilməzdik: “Vəziyyət elmi fantastik filmlərdən daha dəhşətlidir və biz hələ əvvəldəyik. Bunun dünyaya vuracağı ziyanı yenidən görməyə başlayırıq. Avropada hər şeyin bərpasının şahidi olduğumuz bu mərhələdə vəziyyət daha da pisləşir.”
“Dəhşətli vəziyyətin qarşısı alına bilərdi”
Mütəxəssis hökumətlərin epidemiyaya hazırlıqlarını da tənqid edib: “Pandemiya hazırlıqlarına daha çox sərmayə qoyulsaydı və Ümumdünya Səhiyyə Təşkilatının yanvar ayında verdiyi təcili xəbərdarlıqlara daha çox reaksiya göstərilsəydi, bu vəziyyətdən qaçmaq olardı”.
Sentyabr ayında koronavirus xəstələrinin sayı 29 milyonu, Covid-19-dan insan itkisi isə 928 mini keçib. Karantin tədbirləri səbəbindən bütün dünyada iqtisadi çətinliklər yaşanarkən, hökumətlər dəstək paketləri elan edərək, iqtisadiyyatlarını yaşatmağa çalışırlar.
Digər tərəfdən, koronavirusa qarşı peyvəndin hazırlanması işləri sürətlənsə də, bütün sınaqlardan çıxıb geniş dövriyyəyə buraxılanı hələki yoxdur.