Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin daha çox parıldaması üçün bugün balacalarımızın işığını söndürməyək. Uşaqların psixologiyasının sağlam olması onların sağlam və gümrah böyüməsində vacib amillərdəndir.
Hazırda dünyanı bürüyən koronovirus pandemiyası yalnız böyüklərin deyil, uşaqların da psixoloyasına təsir göstərir. Uşaqlar koronovirus haqqında məlumatı ailəsindən, dostlarından və bir-sıra xəbər qaynaqlarından eşitmiş ola bilərlər.
Bəs onlara koronovirus haqqında nəyi, nə qədər, necə danışmalıyıq?
Bilgisel.az bu problemin həlli ilə bağlı Çikaqonun “Ann&Robert H. Lurie” uşaq xəstəxanasının mütəxəssisi, uşaq psixoloqu Dr. Nia Heard-Garris-in tövsiyələrini təqdim edir:
Uşağınızın bu mövzu haqqında nə bildiyini öyrənməyə çalışın
Ekspert uşaqla virus haqqında nələr eşitdiyini soruşaraq söhbətə başlamağın lazım olduğunu bildirir. Əgər dünyanın dörd bir tərəfində insanların öldüyünü, “qrip kimi bir şey” olduğunu eşidiblərsə, tam fərqli söhbət aparmağın vacibliyini vurğulayıb.
Əgər uşağınız 6 yaşdan balacadırsa və virusu hələ eşitməyibsə, panika və qorxu yarada biləcəyindən mütəxəssis heç deməməyi məsləhət görür.
Əvvəlcə öz qorxularınızı anlamağa çalışın
Uşaqlar yanınızdaykən mövzu haqqında təlaşlı olmadığınızdan əmin olun. Buna görə onlarla danışmazdan əvvəl öz qorxularınızı anlamağa çalışın. Bunun üçün bir dostunuz, həyat yoldaşınız və psixoloqunuzla danışa bilərsiz. Uşaqlar dünyanın qorxunc bir yer olduğunu düşünməməlidirlər.
Övladlarınızın qorxularını yox saymayın
Əgər uşağınızın bir dostu ona öləcəyini deyibsə və buna görə qorxursa bu, həqiqi qorxudur. Onları dinləyin və dediklərinə qayğıyla yanaşın. Ayrıca, öz uşaqlığınızdan qorxduğunuz bir cismi, hadisəni lətifə kimi danışa bilərsiniz.
Yaşına uyğun şəkildə danışın
Əgər uşağınızla koronovirus haqqında danışırsınızsa belə deyə bilərsiniz: “Bir çox virus növü var. Koronovirus da bu virusların bir növüdür…”
Uşağınızın yaşından və nə qədər bilikli olmasından asılı olaraq, bu cür də deyə bilərsiniz: “Bu virus adi xəstələnməkdən fərqlidir. Amma insanlar yayılmasının qarşısını almaq üçün dezinfeksiyaedici, qabaqlayıcı tədbirlər görürlər”.
Gigiyenanı vurğulayın
Uşaqlarınızın yeməkdən əvvəl və sonra, ayaqyoluna getdikdən sonra və s. əllərini 20 saniyə müddətində yuduğuna əmin olun.
Bəzi mütəxəssislər əl yumağı uşaqlar üçün bir oyuna çevirməyi məsləhət görürlər.
Məcburi uzadılmış məktəb tətilini pozitiv bir nüans olaraq göstərin
Əvvəlcə məktəblərdə təhsilin müəyyən müddətlik dayandırılmasını qorxulacaq deyil, pozitiv bir hal kimi göstərin.
Valideynlərin “Evdə əylənmək üçün çox vaxtınız var” yanaşması uşaqları qorxularından uzaqlaşdıracaq. Bu müddətdə uşağınızın maraq dairəsinə görə yeni kitablar alın. Yeni oyunlar təşkil edin.
Dr. Nia Heard-Garris-in bu tövsiyələri uşaqların koronovirusla psixoloji mübarizəsində böyük rol oynaya bilər.
Ülkər Abdurahmanlı